Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi ABŞ-da elmi araşdırma aparıb

  • Oxunub 1639 dəfə

 1 yanvar - 1 avqust 2020-ci il tarixlərində AMEA İqtisadiyyat İnstitutunun "Demoqrafiya və işçi qüvvəsinin təkrar istehsalı problemləri" şöbəsinin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyev ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində, Kaliforniya Universitetinin (University of California, San Diego) Müqayisəli İmmiqrasiya Tədqiqatları Mərkəzində (Center for Comparative Immigration Studies) “Miqrasiya və inteqrasiya problemləri: ABŞ-dakı azərbaycanlıların timsalında” mövzusunda elmi araşdırma aparıb  (https://ccis.ucsd.edu/people/vs-vgs/Efendiyev.html).

  7 aylıq bu tədqiqat azərbaycanlıların xaricə (beynəlxalq) miqrasiyası məsələləri üzrə geniş bir araşdırmanın növbəti mərhələsidir. R.Efendiyevin Alman Akademik Mübadilə Xidmətinin (DAAD) qrant dəstəyi ilə 2016-cı ildə Berlin Humboldt Universitetinə (Humboldt-Universität zu Berlin) baş tutan ilk səfəri materialların toplanmasına, ədəbiyyat icmalına, faktiki statistika məlumatlarının sosial-demoqrafik, gender təhlilinə və Almaniyada yaşayan azərbaycanlı miqrantlardan müsahibələrin alınmasına həsr olunmuşdur. ABŞ-dakı azərbaycanlı miqrantlarla bağlı vəziyyətin öyrənilməsi isə bu miqrasiya davranışı tədqiqatının növbəti vacib tərkib hissəsidir.

 Keyfiyyət göstəricilərinin tədqiqi - dərin müsahibə (In Depth Interview, IDI) - metodundan istifadə edərək, COVİD-19 pandemiyası ilə əlaqəli çətin bir vaxtda bu araşdırmada iştirak edən R.Efendiyev azərbaycanlı mühacirlərin miqrasiyada əsas motivlərini, istəklərini üzə çıxararaq respondentlərin tədqiq olunan problemə dair fikirlərini və münasibətlərini müəyyənləşdirə və təyin edə bilmişdir.  Xüsusilə qeyd etmək lazımdır ki, əsas hərəkətverici qüvvələr və onların sosial-iqtisadi mahiyyətini başa düşmək baxımından azərbaycanlıların miqrasiya davranışının öyrənilməsi son dərəcə vacib və əhəmiyyətlidir. Tədqiqatın digər vacib cəhəti azərbaycanlı mühacirlərin ABŞ-a inteqrasiyasının müxtəlif aspektlərinin araşdırılması idi. Tədqiqatın aralıq nəticələri 3 iyun 2020-ci il tarixində R.Efendiyev tərəfindən Zoom veb-seminarında təqdim edilmişdir (Vebinar linkinə istinad (ingilis dilində): https://www.youtube.com/watch?v=A_ZgkdorLlU). Tədqiqatın son nəticələri isə yaxın zamanlarda dərc ediləcəkdir.

 Elmi-tədqiqat təcrübəsi çərçivəsində R.Efendiyev Müqayisəli İmmiqrasiya Tədqiqatları Mərkəzinin təşkil etdiyi bir sıra tematik seminarlarda fəal iştirak etmişdir. Bunlar "Çətin dövrlərdə vətəndaşlıq"; "Latın Amerikasında mühacirlərin siyasi hüquqları: Konfiqurasiya təhlilinin imkanları və yanaşmaları"; “Mümkün olmayan mövzunu qanuniləşdirmək: Ağ rusiyalı qaçqınlar və Böyük Depressiya dövründə Amerikada immiqrasiya və qaçqınlar qanununun inkişafı; "COVID-19 zamanı immiqrantların və qaçqınların iqtisadi rifahının qorunması"; “Pandemiya zamanı “Milli təhlükəsizlik, epidemiyalar və ABŞ-da immiqrasiya siyasəti” mövzusuna qayıtmaq”; "Qaçqınlar COVID-19-a qlobal cavab tədbirlərindən kənarda qalmamalıdırlar: ABŞ-da ictimai səhiyyənin perspektivləri" və s. mövzulardır.

 R.Efendiyevin elmi-tədqiqat təcrübəsi Fulbrayt Təqaüd Proqramının (Fulbright Scholar Program) tam maliyyə və təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Bu proqram 1946-cı ildə Arkanzas ştatının o vaxtkı senatoru J.William Fulbright tərəfindən irəli sürülmüş qanuna əsasən təsis edilmişdir. Fulbright Proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir. Fulbright Proqramı hər il 8000-ə yaxın qrant (təqaüd) verir. Mükafatlar təqribən 1600 amerikalı və 4000 xarici tələbəyə, 1200 ABŞ aliminə və 900 nəfər dəvət almış xarici alimə, eləcə də bir neçə yüz müəllim və mütəxəssisə verilir. 1946-cı ildə təsis edildiyi gündən təxminən 370 000 “fulbrayterçi” proqramda iştirak etmişdir (economics.com.az).