İmtahanlar test üsulu ilə keçiriləcək
- Oxunub 1680 dəfə
Doktoranturaya qəbul və minimum imtahanlarının payız aylarında keçirilməsi planlaşdırılır
Bu ildən Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında doktoranturaya qəbul test üsulu ilə aparılacaq. Bu barədə AMEA-dan məlumat verilib, artıq bununla bağlı AMEA RH-nin Direktorlar Şurasının ötən həftə keçirilən son iclasında qərar qəbul olunub. Hazırda imtahanların test üsulu ilə keçirilməsi üçün hazırlıq işləri aparılır. Doktoranturaya ilk test imtahanlarının payız aylarında keçirilməsi planlaşdırılır. İmtahan sualları AMEA-nın müvafiq institutları tərəfindən hazırlanacaq. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən imtahan verirlər.
AMEA İqtisadiyyat İnstitutunun elmi katibi Rəsmiyyə Abdullayeva bildirib ki, bundan sonra fəlsəfə doktorluğu proqramı üzrə təhsil alanlar da (dokorantlar və dissertantlar) minimum imtahanlarını (doktorluq imtahanlarını) test üsulu ilə verəcəklər. Həmin imtahanlar isə 2015-ci ilin sonlarında – noyabr-dekabr aylarında keçiriləcək.
Qeyd edək ki, AMEA doktoranturaya qəbul üçün qoyulan tələbləri bir qədər də artırıb. Bu ildən namizədlər ingilis dili biliklərinin qiymətləndirilməsi üçün TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməli olacaqlar (economics.com.az)