Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadçı ekspertlər “Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları"nı araşdırıblar

  • Oxunub 581 dəfə

 “Sosial-iqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olduğu “Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları" adlı layihə həyata keçirir. Layihənin rəhbəri AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlidir (İmanov).

  Bu il iyulun 1-dən start götürən və 4 aylıq dövrü əhatə edən layihə çərçivəsində “Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları” adlı kitabçanın nəşri nəzərdə tutulmuşdur. Kitabın yazılmasında Azərbaycanın bu sahə üzrə tanınmış ekspertləri  - iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.), dosent Allahyar Muradov, i.f.d., dosent Rəsmiyyə Abdullayeva və i.f.d., dosent Mahir Zeynalov iştirak edirlər. Çapa hazırlanan kitab ali təhsil müəssisələrinə paylanılacaq.

 Layihənin eksperti, AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent Mahir Zeynalov bildirib ki, qeyri-formal məşğulluqla mübarizə sahəsində əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki qeyri-formal məşğul insanlar çox zaman hansı sosial hüquqlardan məhrum olduqlarını bilmirlər. Odur ki, layihənin əsas məqsədi bu sahədə maarifləndirmə və təbliğatdır. 13 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncam ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın da əsas məqsəd və hədəflərindən biri qeyri-formal əmək münasibətlərinin qarşısının alınmasıdır. Burada da 2020–2025-ci illərdə ölkədə qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin - normativ hüquqi aktların, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkilinin həyata keçirilməsi nəzərdə tutulur.

 Ekspert qeyd edib ki, qeyri-formal məşğulluğun yaranma səbəbləri müxtəlifdir, əsasən iqtisadi, sosial və inzibati idarəetmə ilə bağlıdır. Əvvəllər qanunlardakı boşluqlar, nəzarətin zəif olması, hər hansı işlək inzibati cəza tədbirlərinin olmaması, işçilərin işəgötürənlə müqavilə bağlamağa maraq göstərməməsi, işgötürənin də iş yerlərini rəsmiləşdirməkdə maraqlı olmaması kimi səbəblər qeyri-formal məşğulluğa şərait yaradıb. Ancaq 2017-ci ildən etibarən hökumətin bu sahədə sistemli şəkildə mübarizəyə başlaması, inzibati və maarifləndirmə tədbirlər ilə yanaşı, iqtisadi stimullaşdırma siyasəti həyata keçirməsi iş yerlərinin leqallaşdırılması sahəsində ciddi dönüş yaratmış, hətta pandemiya dövründə belə bu sahədə artım müşahidə olunmuşdur. 2017-ci ildən ötən dövrdə ölkədə əmək müqavilələrinin sayında 387 min və ya 30 faizdən çox artım müşahidə edilib. 2020-ci ilin ilk yarısında əmək müqaviləsi ilə işləyənlərin sayı 1 661 692 nəfərə çatıb. 2020-ci ilin yanvar-iyun aylarında bu artım qeyri-dövlət sektorunda 110 min olub. Bu o deməkdir ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, özəl sektorda hətta əlavə 110 min əmək müqaviləsi bağlanıb, bu qədər sayda insan öz sosial hüquqlarını bərpa etmişdir

 Azərbaycanda son illər biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı qeyri-formal məşğulluğun azalmasına və iş yerlərinin leqallaşdırılmasına, həm də yeni açlan iş yerlərinin  rəsmiləşdirilməsinə müsbət təsi göstərən amillərdir. Bunlarla yanaşı, ölkədə sahibkarlığın inkişafına yalnız mənfəət, biznes fəaliyyəti kimi baxılmır, həmçinin iqtisadi artımın əsası, sosial-iqtisadi inkişafın sosial amili və yeni iş yerlərinin təşkili, iş yerlərinin leqallaşdırılması imkanları kimi qiymətləndirilir. Sahibkarlar da öz sosial məsuliyyətlərini dərk edərək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-formal məşğulluğu aradan qaldırmalı və iş yerlərini rəsmiləşdirlməlidirlər.

 İqtisadçı alim M.Zeynalov qeyd edib ki,  qeyri-formal məşğulluq ölkədə kölgə iqtisadiyyatının yayılmasına rəvac verməklə və rəqabət mühitinə mənfi təsir göstərməklə yanaşı, işçilərin əmək və sosial hüquqlarının pozulmasına, onların sosial sığorta sistemindən və nəticədə gələcək sosial təminatdan kənarda qalmasına, vergidən yayınmaqla dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır. Bu səbəbdən qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi dövlət üçün əsas prioritetlərdən biridir. Ona görə də qeyri-formal məşğulluq hallarının aradan qaldırılmasında, qeyri-formal məşğulluğun leqallaşdırılmasında işçilər və işəgötürənlər – sahibkarlar da eyni dərəcədə fəal olmalıdırlar. Cünki Azərbaycanda qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində məsuliyyət tədbirləri ilə yanaşı, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi stimullaşdıran ciddi mexanizmlər də formalaşdırılmışdır (economics.com.az).