Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA Rəyasət Heyətinin qərarı ilə İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb

  • Oxunub 515 dəfə

 Dekabrın 11-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması haqqında məsələ müzakirə olunub.

  Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, 30 ilə yaxın düşmən tapdağı altında qalmış Azərbaycan torpaqları ciddi antropogen təhdidlərə məruz qoyulub, həmin ərazilərdə sosial infrastruktur darmadağın edilib, təbii landşaft ciddi deformasiyaya uğradılıb. Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi infrastrukturun qurulması, ekoloji tarazlığın bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb.

 Akademik İsa Həbibbəyli ərazilərin konfliktsonrası bərpasının araşdırılması və proqnozlaşdırılması üzrə İqtisadiyyat İnstitutunda ciddi elmi tədqiqat təcrübəsinin və bu sahədə beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərin olduğunu nəzərə alaraq, müəssisənin strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılmasının təklif edildiyini söyləyib. O, bu ilin noyabr ayında AMEA-nın Rəyasət Heyətində post-konflikt ərazilərin bərpasına həsr edilən tədbirin keçirildiyini xatırladıb.

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin də iştirak etdiyi tədbirdə müzakirələr nəticəsində İqtisadiyyat İnstitutunun strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib (economics.com.az).