Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri məcburi köçkünlərlə görüşüb
- Oxunub 1029 dəfə
AMEA İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev bu yaxınlarda Qarabağda bir sıra kəndlərdə və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə olub, şəhid və qazi ailələrinə baş çəkib, məcburi köçkünlərlə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində şanlı və tarixi qələbəsi, işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı, əhalinin məskunlaşdırılması, regionun gələcək sosial-iqtisadi inkişafı məsələləri ətrafında geniş söhbətlər aparılıb.
Prof. Akif Musayev məcburi köçkünlərə işğaldan azad olunmuş ərazilərin bərpası üzrə həyata keçirilməsi nəzərdə tutulan işlər, dövlətin planlaşdırdığı tədbirlər, hökumətin bərpa proqramalrı, infrastruktrun yenidən qurulması, əhalinin köçürülməsi prinsipləri barədə məlumat verib, Qarabağın yenidən dirçəldilməsinin ölkəmiz üçün əhəmiyyətini və məskunlaşmanın vaçibliyini xüsusilə qeyd edib. Bu sahədə məcburi köçkünklərlə birgə işlərin aparılacağı, görüşlərin və sorğuların keçiriləcəyi, bərpa və məskunlaşma prosesində onların da rəylərinin, istək və arzularının nəzərə alınacağı vurğulanıb.
Qeyd olunub ki, Cənab Prezidentin bəyan etdiyi kimi, işğaldan azad olunmuş ərazilərimiz tezliklə bərpa ediləcək, Qarabağa həyat yenidən qayıdacaq və cənnət bir məkana çevriləcəkdir. Ona görə də, cəmiyyətdə ərazilərin bərpası, məskunlaşma siyasəti ilə bağlı geniş müzakirələr apaılır, xüsusən də kənd, qəsəbə və şəhərlərin hansı formada bərpası, insanların mümkün qədər tez öz el-obasına qayıdışının təşkili diqqət mərkəzindədir. Kəndlərdə məskunlaşma, vaxtilə su catışmazlığı, yol və infrastruktur problemləri olan kiçik kəndlərin ərazicə yenidən təşkili kimi təkliflər, yeni böyük qəsəbələrin salınması, torpaq islahatlarının hansı formada aparılması kimi məsələlər indi hamının maraq dairəsindədir. Görüşlər zamanı bir daha aydın olub ki, məcburi köçkünlər tezliklə öz yurdlarına getmək istəyirlər, həm da əksər çoxluq vaxtilə tərk etdikləri doğma kəndlərinə qayıtmağa üstünlük verir.
Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə sistemli şəkildə bərpa və yenidənqurma işləri həyata keçiriləcək, əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcəkdir. AMEA İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi də hökumətin bu sahədəki fəaliyyətinə öz elmi araşdırmaları ilə töhfə və dəstək vermək əzmindədir. Mərkəz bərpa və yenidənqurma prosesləri üzrə kompleks tədqiqatlar aparacaq, yaşayış məntəqələrinin bərpasının, infrastruktur və həyat təminatı sistemlərinin yenidən qurulmasının, əhalinin öz daimi yaşayış yerlərinə repatriasiyasının və bu qəbil digər problemlərin sosial-iqtisadi məsələlərini araşdıracaqdır. Elmi Mərkəzin işinə təkcə İnstitutun əməkdaşları deyil, digər qurumların mütəxəssisləri, həmçinin müstəqil ekspertlər də cəlb ediləcəkdir (economics.com.az).