AMEA İqtisadiyyat İnstitutunun direktoru Rusiyalı jurnalistlərə geniş müsahibə verib
- Oxunub 1279 dəfə
Fevralın 12-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli bir qrup Rusiyalı jurnalisti, o cümlədən “Kommersant” qəzetinin şöbə müdirinin müavini Aleksey Naumovu, “İzvestiya” qəzetinin jurnalisti Nataliya Portyakovanı və “Vedomosti” qəzetinin əməkdaşı Qleb Mişutini qəbul edərək, geniş müsahibə verib.
N.Müzəffərli Rusiyalı müxbirlərə işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı olaraq Azərbaycan Prezidentinin və Hökumətinin həyata keçirdiyi kompleks tədbirlər haqqında, o cümlədən İdarələrarası Mərkəz nəzdində fəaliyyət göstərən İşçi qrupların fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, özünün də üzvü olduğu Analitik işçi qrup hazırda məcburi köçkünlərin Qarabağa repatriasiyasının effektiv təşkili sahəsində sistemli empirik tədqiqatlar aparır. Bu tədqiqatlar post-konflikt reabilitasiyanın planlaşdırılmasında bir növ istinad nöqtəsi rolunu oynayacaqdır, çünki bütün bərpa işləri, o cümlədən həyat təminatı sistemlərinin və fiziki infrastrukturun yenidən qurulması qarşısında dayanan əsas vəzifə azad edilmiş ərazilərə qayıdan insanların rahat və firavan yaşayışı üçün şərait yaratmaqdır.
Bərpa və yenidənqurma xərcləri haqqında suallara cavab verərkən N.Müzəffərli deyib ki, xərclərin həcmi, digər amillərlə yanaşı, bərpa işləri üçün hədəf görülən standartlardan asılıdır. Dövlət başçısı “Biz Qarabağı təkcə Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən birinə çevirəcəyik!” məzmunlu bəyanatları ilə bu standartları çox yüksək səviyyəyə qaldırmışdır. Amma nəzərə almaq lazımdır ki, söhbət təkcə dövlət investisiyalarından yox, həm də yerli və xarici şirkətlərin yatırımlarından, beynəlxalq maliyyə institutlarının vəsaitlərindən və Azərbaycan vətəndaşlarının xərcləmələrindən gedir. Və bərpa xərclərinin bəlli bir zaman içində paylanacağını da unutmaq olmaz. Nəticə etibarilə, Azərbaycan dövlətinin və cəmiyyətinin, xarici tərəfdaşların da qatqısı ilə, bərpa və yenidənqurma işlərini uğurla icra edəcəyi tamamilə şübhəsizdir.
Məcburi köckünlərin repatriasiyası ilə bağlı məsələlər xüsusi maraq mövzusu olub. N.Müzəffərli vurğulayıb ki, hədəf – dayanıqlı məskunlaşmadır. Bunun üçün bölgədə yeni iş yerləri yaradılmalı, geri dönən insanların etibarlı gəlir mənbələri olmalıdır. İşi mürəkkəbləşdirən amillərdən biri də odur ki, ənənəvi olaraq aqrar sahədə ixtisaslaşan bu regionun hazırda kənd təsərrüfatını inkişaf etdirməsi çox çətindir, çünki əkin və örüş yerləri büsbütün minalanmışdır və bunların təmizlənməsi yaşayış məntəqələrinə nisbətən daha uzun zaman tələb edir. Ona görə də repatriantların, ələlxüsus “birinci dalğa”nın iş yerləri ilə təmin olunması ən aktual problemlərdən biri olaraq qalır. Bu tipli məsələlərin mümkün həll yollarından biri, məsələn, məcburi köçkün statusunun verdiyi imtiyazları tədricən ləğv edərək, əvəzində geri qayıtmış repatriantlara ilk dövrlər üçün xüsusi müavinətlərin təyin edilməsi ola bilər. Bu, müzakirə edilən çoxsaylı ideyalardan yalnız biridir. Əminliklə söyləmək olar ki, bütün müzakirələrdən sonra mümkün variantlar arasında ən effektivləri seçiləcəkdir.
N.Müzəffərli Rusiyalı jurnalistlərin bir sıra başqa suallarını da, o cümlədən repatriasiya və məskunlaşmanın praktik məsələləri, məcburi köçkünlərin müxtəlif məsələlər üzrə rəyinin öyrənilməsi, işğaldan azad olunmuş rayonlarda həyat təminatı sistemlərinin və sosial infrastrukturun müasir səviyyədə qurulması, bölgədə iqtisadiyyatın potensial müqayisəli üstünlük sahələri, əhalinin məşğulluğu, bərpa və yenidənqurma layihələrinin maliyyələşdirilməsi, bərpa prosesində xarici ölkələrin iştirakı imkanları kimi məsələlərlə bağlı suallarına da münasibət bildirib.
Görüşdə Rusiyalı jurnalistləri müşayiət edən politoloq Fərhad Məmmədov, səfərin koordinatoru Fuad Əsədov və İqtisadiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Mahir Zeynalov da iştirak ediblər (economics.com.az).