Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli əməkdaşları “İnstitut günü” münasibəti ilə təbrik edib

  • Oxunub 897 dəfə

Əziz həmkarlar!

Bu gün İnstitutumuzun 63 yaşı tamam olur. "İnstitut günü" münasibəti ilə hər birinizi ürəkdən təbrik edir, yeni yaradıcılıq nailiyyətləri arzulayır, özünüzə və ailələrinizə xoş günlər diləyirəm!

Bu il “İnstitut günümüz” xüsusi bir şəraitdə qeyd olunur. 2020-ci ilin payızında Qarabağ 30 illik işğaldan azad olundu. Qəhrəman ƏSGƏRİMİZ var olsun! Hər bir şəhidimizə, qazimizə sonsuz minnətdarlığımız var. Əsgər və zabitlərimiz, Qələbəmizin memarı olan Ali Baş Komandanımız adlarını tarixə həkk etdilər. Alnımıza “qalib millət” yazıldı, milli şərəfimiz yerinə qayıtdı. İndi qarşımızda duran yeni vəzifə – Qarabağa həyat qaytarmaq, yaxud Qarabağı həyata qaytarmaq vəzifəsi möhtəşəmliyi və miqyası ilə nəfəs dondurur.

Gələcək illərdə bizi inkişaf yarışı gözləyir, çünki gələcək o xalqlarındır ki, elmin, maarifin, mədəniyyətin inkişafında öndə olmağı bacarırlar. Elm dünyanın simasını dəyişdirir və getdikcə daha çox dəyişdirəcək. Elmimizin inkişafı, ölkəmizin real problemlərinin həllinə hədəfləndirilməsi sahəsində bizim də öhdəmizə böyük vəzifələr düşür. İnanıram ki, əməkdaşlarımız Vətənimizin tərəqqisi naminə səylərini qətiyyən əsirgəməyəcəklər və bu işə bilik və bacarıqları çərçivəsində hər cür dəstək verməyə çalışacaqlar.

Hörmətli həmkarlar, təəssüf ki, bu il “İnstitut gününü” pandemiya səbəbindən istədiyimiz qədər təntənəli qeyd edə bilmirik. Bu bəladan da sovuşacağıq, çünki biz Qalib millətik və adlaya bilməyəcəyimiz heç bir maneə yoxdur. Qarşıdan gələn illərdə “İnstitut günü” münasibəti ilə bir-birimizi yenə də təntənəli toplantılarda, əl sıxa-sıxa təbrik edəcəyik. Bu həm də “İnstitut günü” münasibəti ilə hər birimizə arzumdur.

Bayramımız mübarək!