Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda Qarabağın iqtisadiyyatı ilə bağlı dissertasiyalar yazılacaq

  • Oxunub 635 dəfə

 Aprelin 22-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər, o cümlədən 2020-2021-ci tədris ilində qəbul olmuş doktorant və dissetrtantların dissertasiya işlərinin mövzuları müzakirə olunmuşdur.

  İclasda Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva məlumat verərək bildirib ki, 2020-2021-ci tədris ili üçün İqtisadiyyat İnstitutunun doktoranturasına fəlsəfə doktoru hazırlığı üzrə 13 nəfər, dissertanturasına elmlər doktoru hazırlığı üzrə isə 4 nəfər qəbul olunub. İnstitutun rəhbərliyi onların hər biri ilə görüşüb, zamanın tələblərinə uyğun aktual tədqiqat mövzularının seçilməsi, müəyyənləşdirilməsi ilə bağlı söhbətlər aparılıb.

 Sonra Elmi Şurada təklif olunan 17 dissertasiya üzrə mövzuların hər biri elmi rəhbərlərin, doktorant və dissertantların da iştirakı ilə geniş müzakirə olunaraq təsdiqlənib.  İlk dəfə olaraq bir neçə dissertasiya işinin mövzusu 44 günlük uğurlu və qələbə ilə nəticələnmiş Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadiyyatının iqtisadi potensialının müəyyənləşdirilməsi, yenidən qurulması və gələcək inkişaf perspektivləri ilə bağlı olub. Belə ki, Azərbaycan Respublikasının post-konflikt ərazilərində iqtisadi inkişafın əsas ssenariləri, regiona xarici investisiyaların cəlb edilməsi mexanizmləri, demoqrafik təhlükəsizliyin təmin olunması istiqamətləri, post-konflikt ərazilərdə turizm potensialının qiymətləndirilməsi, kənd turizminin inkişaf istiqamətləri kimi aktual məsələləri əhatə edən 5 dissertasiya işinin mövzusu təsqiq edilmişdir.

 Sonda Elmi Şuranın qərarı ilə İqtisadiyyat İnstitutunun əməkdaşlarının professor G.Yüzbaşıyevanın rəhbərliyi ilə hazırladıqları “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” adlı kollektiv monoqrafiya çapa tövsiyə olunmuşdur (economics.com.az).