Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Doing Business” hesabatında vergilərin ödənilməsi indeksi üzrə Azərbaycanın mövqeyi ilə bağlı elmi müzakirələr aparılıb

  • Oxunub 514 dəfə

 Mayın 31-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

  Seminarda İnstitutun «Maliyyə, pul-kredit siyasəti» şöbəsinin müdiri, i.f.d., dosent Yaşar Məmmədov «Vergilərin ödənilməsi indeksi üzrə “Doing Business” hesabatında Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri» adlı məruzə ilə çıxış edib. Tədqiqatçı bildirib ki, Azərbaycanda vergi mühitinin yaxşılaşdırılması və onun biznes fəaliyyətinə müsbət təsirlərinin artırılması məqsədilə qanunvericilik bazası təkmilləşdirilmiş, vergi inzibatçılığının səmərəliliyinin artırılması ilə bağlı əməli addımlar atılmışdır, bu proses hazıda da davam etməkdədir. “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında vergi göstəricilərinin yüksəldilməsi istiqamətləri müəyyən edilmişdir. Bu istiqamətlər vergi ödənişləri sahəsində vaxt, icra, əməletmə kimi vacib amilləri əhatə edir. Ölkəmizdə vergi islahatlarının davamlı olaraq həyata keçirilməsi iki məqamdan vacib hesab olunur. Birincisi, bu islahatlar “Doing Business” hesabatı və digər beynəlxalq təşkilatların reytinqlərində ölkəmizin mövqeyinə müsbət təsir göstərməklə, xarici iqtisadi əlaqələrin genişlənməsinə, əlverişli investisiya mühitinin gücləndirilməsinə müsbət təsir göstərəcəkdir. İkincisi, ölkədə qeyri-neft sektorunun inkişafı və makroiqtisadi göstəricilərin yüksəldilməsi kimi vacib məsələlərin həllinə nail olunacaqdır.

 Dünya Bankının “Doing Business” reytinqində vergilərin ödənilməsi indeksinin əsas mahiyyəti barədə danışan Y.Məmmədov bildirib ki, bu indikator özündə vergi ödənişlərini (il üzrə sayı), vaxt (il üzrə saatlar), ümumi vergi dərəcəsi (mənfəətə nəzərən %-lə) və bəyannamələr təqdim edildikdən sonra prosedurlar indeksi adlı 4 subindikatorları birləşdirir. Azərbaycanda həyata keçirilən vergi islahatları son dövrlərdə ölkənin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilən reytinq sırasındakı mövqeyinə müsbət təsir göstrəmişdir. Vergi islahatları həm də bu kimi məqamlar baxımından xüsusi əhəmiyyət kəsb edir: qanunvericilik bazasının təkmilləşdirilməsi; vergi inzibatçılığının səmərəliliyinin artırılması; biznes mühitinin sağlamlaşdırılması; “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması.

 “Doing Business 2019” hesabatında Azərbaycan vergilərin ödənilməsi indeksi üzrə kifayət qədər müsbət dəyişiklik nümayiş etdirmiş, 190 ölkə arasında 85.23 balla 28-ci yerdə qərarlaşmışdır. Lakin 2020-ci ildə Azərbaycanın bu göstərici üzrə reytinqdə mövqeyində 12 pillə geriləmə baş verməklə 40-cı yerdə qərarlaşmışdır. “Doing Business 2020” hesabatında vergi ödənişləri indeksi üzrə reytinqdə Azərbaycanın mövqeyinin pisləşməsinə təsir edən başlıca səbəblər bunlardır: ƏDV ödənişlərinin əvəzlənməsinə və geri alınmasına sərf edilən vaxtın uzanması; sosial sığorta ödənişlərinin mənfəətdə xüsusi çəkisinin yüksək olması. Bu amilləri nəzərə alan tədqiqatçı Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında mövqeyinin yüksəldilməsi və ölkədə vergi mühitinin daha da yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrini də səsləndirib.

 Sonra məruzəci sualları cavablandırmış, mövzu ətrafında,  o cümlədən, Azərbaycanda aparılan vergi islahatları, vergi dərəcələri və vergi yükü, dövlətin vergi siyasəti və sosial öhdəlikləri, vergi ödəmələri, vergilərin biznes üçün əlverişliliyi və stimullaşdırıcı rolu ilə bağlı maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).