Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə iclası keçirilib

  • Oxunub 380 dəfə

 İyunun 2-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.

 Prof. N.Müzəffərli çapa tövsiyə olunmaq üçün Elmi Şuraya təqdim edilən monoqrafiyaların “antiplagiat sistemi”ndən keçirilməsi təklifi ilə çıxış etdi və bununla bağlı qərar qəbul edildi.

 İclasda Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorant və dissertantların attestasiyası haqqında məlumat verərək bildirdi ki, AMEA İqtisadiyyat İnstitutunun 2010-2021-ci illər üzrə 300-dan çox doktorant və dissertantı var, hazırda 82 nəfər təhsil alır, hər il onların attestasiyası keçirilir. Bu il də pandemiya şəraitinin tələblərinə uyğun olaraq onların hesabatları əsasında attestasiyası aparılıb. Elmi Şurada doktorant və dissertantların təhsili ilə bağlı geniş müzakirələr aparılıb, hesabat verməyənlərlə bağlı real vəziyyətin araşdırılması tövsiyə olunub.

 İnstitutun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin böyük elmi işçisi, i.f.d. Aygün Fətəliyevanın “XX əsrin 80-90-cı illərində Azərbaycanda iqtisadi fikrin inkişafı” adlı monoqrafiyası əsərin adının məzmununa uyğunlaşdırılması şərti ilə çapa tövsiyə edildi (elmi redaktorlar: i.e.d., prof. G.Z.Yüzbaşiyeva, i.f.d. X.Ş.Kərimov; rəyçilər: i.e.d., dos. S.S.Səməndərov və i.f.d. T.R.Nəcəfova).

 Sonda gizli səsvermə yolu ilə  “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsinin böyük elmi işçisi, i.f.d. Vüqar Kərimliyə və  “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Dağbəyi Allahverdiyevə dosent elmi adının verilməsi barədə qərar qəbul olundu (economics.com.az).