Elmi Seminarda “Post-konflikt ərazilərin bərpası, yenidən qurulması və məskunlaşdırılması” mövzusunda müzakirələr aparılıb
- Oxunub 438 dəfə
İyunun 7-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.
Seminarda İnstitutun Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev «Post-konflikt ərazilərin bərpası, yenidən qurulması və məskunlaşdırılması» adlı məruzə ilə çıxış edib. Alim bildirib ki, qələbə ilə nəticələnən 44 günlük müharibədən sonra düşmən işğalından azad olunmuş Qarabağ torpaqlarında bərpa və yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5 əsas hədəfindən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsidir. Bu məsələ hazırda hökumətin iqtisadin siyasətinin prioritet sahəsidir. Müvafiq Prezident sərəncamə ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə yaradılmış İdarələrarası Mərkəzdə AMEA İqtisadiyyat İnstitutunun alimlərinin – professor Nazim Müzəffərli və professor Akif Musayevin də daxil edildiyi müxtəlif sahələri əhatə edən işçi qrupları formalaşdırılıb. Hökumətin bütün qurumlarının təmsil olunduğu Əlaqələndirmə Qərargahı hazırda çox aktiv şəkildə gündəlik olaraq Qarabağın bərpası və yenidən qurulması məsələləri ilə məşğul olur.
Qarabağda hazırda həyata keçirilən bərpa və yenidənqurma layihələri barəsində məlumat verən A.Musayev qeyd edib ki, bu proseslər çevik idarəetmə və təhlükəsizliyin təmin edilməsi, müasir infrastrukturun qurulması, iqtisadi dirçəliş problemlərinin həlli və sosial xidmətlərin təşkili kimi mərhələləri əhatə edir. Ərazilərin bərpası prosesində bir sıra mühüm məqamlar diqqət mərkəzində saxlanılmalıdır. Xüsusən də, yüksək əhali sıxlığına nail olunması; infrastruktur təminatının həmin bölgənin fasiləsiz logistik imkanlarına uyğunlaşdırılması; əhalinin repatriasiyası zamanı sosial ədalət prinsipinə riayət olunması və mülkiyyət hüquqlarının bərpası; iqtisadi inkişafın dayanıqlılığının təmin olunması; tələb olunan investisiyaların həcminin optimallaşdırılması; dövlət xərclərinin azaldılması məqsədilə bərpa prosesinə özəl, həmçinin yerli və xarici investisiyaların cəlb edilməsi, xüsusilə dövlət və özəl sector tərəfdaşlığından geniş istifadə olunması; ərazilərin bərpası prosesinin yerli istehsala daha çox tələb yaratması və beləliklə ölkə iqtisadiyyatının artımının stimullaşdırılması vacibdir.
Professor vurğulayıb ki, Qarabağda iqtisadiyyatın yenidən qurulması prosesində real sektorun qurulması üçün iqtisadi canlanmaya nail olunması, əlverişli biznes mühitinin formalaşdırılması və iqtisadi aktivliyin təşviqi, torpaq islahatlarının həyata keçirilməsi və mülkiyyət hüquqlarının bərpası, bölgədə regional ixtisaslaşmanın artırılması, regionun potensial rəqabət üstünlüyü sahələrinin müəyyənləşdirilməsi, sənaye, kənd təsərrüfatı və xidmət müəssisələrinin reabilitasiyası; əhaliyə və müəssisələrə maliyyə-bank xidmətlərinin və sosial xidmətlərin təşkili, bazar iqtisadiyyatı prinsiplərinin (torpaq və başqa daşınmaz əmlak üzərində özəl mülkiyyət hüququna təminat yaradılması və sürətli özəlləşdirmə) bərqərar edilməsi mühüm amillərdir. A.Musayev əminliklə qeyd edib ki, Azərbaycan dövləti özünün bütün imkanlarından istifadə etməklə böyük resurslara və potensiala malik Qarabağın yenidən dirçəldilməsinə, məcburi köckünlərin öz yurdlarında məskunlaşdırlmasına, regionun iqtisadiyyatının və sosial həyatının ən müasir səviyyədə yenidən qurulmasına nail olacaqdır.
Sonra məruzəci sualları cavablandırmış, mövzu ətrafında, o cümlədən, Qarabağda aparılacaq torpaq islahatları, əhalinin köçürülməsi, onların istək və arzularının nəzərə alınması, məskunlaşdırma siyasəti, iş yerlərinin yaradılması, məşğulluq problemlərinin həlli, iqtisadiyyatın yenidən qurulması, sosial rifahın təmin edilməsi, bunlarla bağlı AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi tədqiqatlar, bütövlükdə Qarabağın iqtisadiyyatının gələcək inkişafı ilə bağlı maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).