Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda aqrar sahənin inkişafı ilə bağlı müzakirələr aparılıb

  • Oxunub 534 dəfə

 İyunun 14-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçilər barədə məlumat verib.

 Seminarda İnstitutun Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsinin müdiri, i.e.d., professor İsa Alıyev və şöbənin aparıcı elmi işçisi, dosent Yunus Sadıqov «Azərbaycan Respublikasında aqrar sahənin inkişafının strateji məqamları. Problemlər, ziddiyyətlər və onların həlli yolları» adlı məruzə ilə çıxış ediblər.  Məruzəçilər ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı problemlərdən, həyata keçirilmiş uğurlu torpaq islahatları, əhalinin ərzaq təminatı, ərzaq təhlükəsizliyi, əkinə yararlı torpaqlardan daha səmərəli istifadə, məhsuldarlığın artırılması, məhsuldar sortların yetişdirilməsi, intensiv əkinçiliyə üstünlük verilməsi, idxal-ixrac əməliyyatlarında aqrar məhsulların strukturu, yerli tələbin ödənilməsi, bazarda tələb və təklifə, qiymətlərə təsir göstərən başlıca amillər barədə danışıblar.

 Alimlər dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasının, bu sahəyə dövlət dəstəyi tədbirlərinin səmərəliliyinin artırılmasının, təşviq mexanizmlərinin, aqrar sektorda və kənd yerlərində əhalinin məşğulluğunun təmin olunmasının, müasir texnologiyaların tədbiqi ilə aqrar emal sənayesinin inkişaf etdirilməsinin zəruriliyini, kənd təsərrüfatında müasir innovasiyaların əhəmiyyətini, Azərbaycanda aqrar sektorda müqayisəli üstün sahələrin müəyyənləşdirilməsinin və əhalinin yerli keyfiyyətli ərzaqla təminatının  vacibliyini qeyd ediblər.    

 Azərbaycanda kənd təsərrüfatının yüksək iqtisadi potensialı və perspektiv inkişaf  istiqamətləri, Qarabağın yenidən qurulacaq iqtisadiyyatında və sosial həyatında aqrar sektorun aparıcı rola malik olacağı,  kənd təsərrüfatı məhsulları istehsalçılarının bütün vergilərdən (torpaq vergisindən başqa) azad olunmasının bu sahəsinin inkişafına müsbət təsiri, fermerlərə göstərilən dövlət qayğısı xüsusilə vurğulanıb. Bunlarla yanaşı, son vaxtlar aqrar məhsulların ixracında yaranmış çətinliklər, kəndlinin yetişdirdiyi məhsulun saxlanması, daşınması və satışı zamanı qarşısına çıxan əsas maneələr, məhsulun kənddən şəhərlərin ticarət şəbəkələrinə gəlib çıxmasınadək formalaşan yüksək qiymətləri, məhsulun yerlərdə tədarükünün təşkili, aqrar emal sənayesinin inkişafı problemləri də qeyd olunub.  

 Sonra məruzəcilər sualları cavablandırmış, mövzu ətrafında,  o cümlədən, kənd təsərrüfatı məhsulları istehsalçılarının qarşılaşdıqları problemlər və onların həlli, yerli istehsalın və ixracın təşviqi, aqrar sektorda məşğulluğun və kənd yerlərində sosial rifahın təmin edilməsi, işğaldan azad edilmiş Qarabağda həyata keçiriləcək torpaq islahatları, AMEA İqtisadiyyat İnstitutunda aqrar iqtisad elmi sahəsində aparılan elmi tədqiqatlarla bağlı maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).