Elmi Şuranın iclasında doktorant və dissertantların dissertasiya işlərinin mövzuları müzakirə edilib
- Oxunub 431 dəfə
Sentyabrın 29-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilmişdir. İnstitutun direktor müavini, i.f.d., dosent Allahyar Muradovun sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.
A.Muradov 2021-ci ildə yerinə yetirilən plan elmi tədqiqat işlərinin gedişatı ilə bağlı ümumi məlumat verib, elmi şöbələr tərəfindən illik hesabatların oktyabr ayında təqdim olunmasının vacibliyini vurğulayıb.
İclasda Elmi Şuranın qərarı ilə AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradovun “Azərbaycan Respublikasının demoqrafik inkişaf potensialı: tarixi dəyişikliklər, reallıqlar, problemlər”, həmçinin “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin baş elmi işçisi, i.e.d. Seyfəddin Səməndərovun “XX əsrin birinci yarısında Azərbaycanın ictimai fikrində iqtisadi portretlər” adlı monoqrafiyalar çapa tövsiyə olunmuşdur.
Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva AMEA İqtisadiyyat İnstitutunda fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri, doktorant və dissertantların fərdi iş planları barədə məlumat verib. Müzakirələrdən sonra doktorant və dissertantların fərdi iş planları təsdiq edilib.
Elmi Şuranın iclasında bu il qəbul olmuş doktorant və dissertantların özlərinin də onlayn iştirakı ilə onların dissertasiya mövzularının hər biri ayrıca geniş müzakirə edilərək təsdiqlənmişdir (economics.com.az).