AMEA İqtisadiyyat İnstitutunun baş direktoru magistrantlarla görüşüb
- Oxunub 571 dəfə
Oktyabrın 7-də AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov) magistraturaya yeni qəbul olmuş magistrantlarla görüşüb. Görüşdə İqtisadiyyat İnstitutunun elmi katibi, dosent Leyli Allahverdiyeva, Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Mahir Zeynalov iştirak ediblər.
Professor Nazim Müzəffərli AMEA-nın magistraturasında təhsilin əsas xüsusiyyətləri, üstünlükləri, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində İqtisadiyyat İnstitutunda həyata keçirilən fəaliyyət barədə danışıb. Habelə magistratura təhsil səviyyəsinin elmi araşdırmalar üçün böyük imkanlar yaratdığını, universitet məzunlarına gənc yaşlarından elmi-tədqiqat vərdişləri aşıladığını, magistratura təhsilini uğurla başa vuranların gələcəkdə öz elmi fəaliyyətlərini İqtisadiyyat İnstitutunda davam etdirmək imkanlarının olduğunu qeyd edib. Gənc magistrların istək və arzularını dinləyən, onlarla yaxından tanış olan baş direktor gənclərə magistr təhsili sahəsində uğurlar arzulayıb.
Qeyd edək ki, 2021-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun magistraturasına, makroiqtisadi siyasət ixtisasına 3 nəfər qəbul olub. Onlardan ikisi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, biri isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır (economics.com.az).