Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Ermənistan iqtisadiyyatı inflyasiyanın məngənəsində

  • Oxunub 365 dəfə

 Ermənistanda qiymət artımı yeni rekordlar qırır. Əhali üçün ən pisi odur ki, ilk növbədə kənd təsərrüfatı məhsulları bahalaşır. 2021-ci ilin avqust ayında ümumi inflyasiya 2020-ci ilin müvafiq ayına nisbətən 8,8 faiz, ərzaq məhsullarının qiymətləri isə 15,1 faiz artıb. Bir il ərzində çörək 8,6%, ət 9,7%, yağ 15,9%, şəkər 39,4%, tərəvəz 53% bahalaşıb. Ancaq orta əmək haqqının artımı cəmi 5,4% təşkil edib.

 Erməni iqtisadçıları böyük həyəcanla belə yüksək inflyasiyanın səbəblərini axtarırlar. Təbii ki, pandemiya xaricdən gətirilən malların qiymətində bir qədər bahalaşmaya səbəb olub. Lakin Ermənistanda təkcə idxal mallarının (yağ, şəkər və s.) deyil, həm də yerli istehsal məhsullarının bahalaşması səbəbindən istehlak səbətinin qiyməti artır.

 Ermənistandakı bütün siyasi və iqtisadi dəyişikliklərin ümumi səbəbi, şübhəsiz ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdir. Çox ehtimal ki, məğlubiyyətin iqtisadiyyata vurduğu sarsıdıcı zərbədən ölkənin sağalması hələ çox zaman alacaq. Əvvəllər əkin üçün istifadə olunan Azərbaycan torpaqlarının geri qaytarılması nəticəsində Ermənistanın kənd təsərrüfatına ciddi ziyan dəyib. Ekspertlərin fikrincə, buna görə Ermənistan hər il 100-120 milyon dollar “itirir”.

 Aztəminatlı ailələrin qida rasionunda mühüm yer tutan kartof sentyabr ayında 67% bahalaşıb. Eyni zamanda, kartofun əkin sahəsi 1,8% azalıb. Bu o deməkdir ki, getdikcə istehsal daha çox "natural" forma alır, yəni, kəndlilər yetişdirdikləri məhsulun böyük hissəsini özləri istehlak edir, daha az satışa çıxarırlar.

 Bildiyiniz kimi, müharibə böyük xərclər tələb edir. Hər ölkə (Ermənistan haqqında danışmağa belə dəyməz) belə yüksək hərbi xərcləri maliyyələşdirmək iqtidarında deyil. Yaranmış vəziyyət əlavə pul emissiyasına ehtiyac yaradır və bu da öz növbəsində dövriyyədə pul kütləsinin artıqlığına gətirib çıxarır. Ermənistan məhz bu yolla irəlləmək məcburiyyətində qaldı. Dünya Problemlərinin Araşdırılması Beynəlxalq İnstitutunun məlumatına görə, 2020-ci ildə Ermənistanın hərbi xərcləri ÜDM-in 4,5%-ni təşkil edib. İqtisadiyyatın pandemiya nəticəsində əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq (ÜDM 2019-cu ildəki 42,1 milyard beynəlxalq dollardan 2020-ci ildə 39,4 milyard beynəlxalq dollara qədər azalıb), 2021-ci ildə hərbi xərclər nəinki azalmayıb, əksinə, artıb.

 Yüksək inflyasiya və əlverişli investisiya mühitinin olmaması Ermənistanı daha dərin iqtisadi böhrana sürükləyir və bu böhrandan çıxmaq olduqca çətin olacaq. Yeni malların istehsalı getdikcə daha çox pul tələb etdiyi üçün real istehsal azalacaq. İşsizlik səviyyəsi yüksələcək, milli valyutanın ucuzlaşması riski yaranacaq. Yüksək inflyasiya dərəcəsi şəraitində milli valyuta ilə bağlanan müqavilələrin azalması riskləri mümkündür. Ev təsərrüfatlarının davranışı da dəyişəcək - insanlar milli valyutada olan əmanətlərini daha etibarlı valyutaya dəyişməyə çalışacaqlar.

 Ermənistan Mərkəzi Bankı son bir neçə ayda dövriyyədə olan pul kütləsinin həcmini süni şəkildə azaltmaq, malların bahalaşmasını dayandırmaq üçün faiz dərəcəsini dəfələrlə artırıb. Ancaq bu günə qədər edilən bütün cəhdlər boşa çıxıb. Qiymətlər artmaqda davam edir, insanlar narazıdır, gələcək qeyri-müəyyəndir.

 Leyli Allahverdiyeva, iqtisad üzrə fəlsəfə doktoru, dosent,

 AMEA İqtisadiyyat İnstitutunun elmi katibi