Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Beynəlxalq ticarətə cəlbolunma indeksinin təhlili və Azərbaycanın bu reytinqdə mövqeyinin yaxşılaşdırılması” mövzusunda seminar keçirilib

  • Oxunub 400 dəfə

 Noyabrın 15-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

 Seminarda AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dos. Aqil Eyvazov  «Beynəlxalq ticarətə cəlbolunma indeksinin təhlili və Azərbaycanın bu reytinqdə mövqeyinin yaxşılaşdırılması» adlı məruzə ilə çıxış edib. 

 Tədqiqatçı qeyd edib ki, beynəlxalq ticarətə cəlbolunma indeksi ilk dəfə 2008-ci ildə Dünya İqtisadi Forumu tərəfindən dərc edilmişdir. Növbəti hesabat 2010, 2012, 2014, 2016-cı illərdə nəşr olunmuşdur. Son 2016-cı ildə dərc olunmuş hesabatda 136 ölkə üzrə göstəricilər öz əksini tapmışdır. Dörd subindeks və 57 alt indikatorlar  əsasında hazırlanan bu indeksdə Azərbaycan 2016-cı ildə 71-ci pillədə qərarlaşmışdır.

 Aparılan tədqiqat nəticəsində müəyyən olmuşdur ki, ölkələrin bu indeks üzrə aldığı ümumi qiymət və adambaşına düşən nominal ÜDM arasında müsbət güclü korrelyasiya əlaqəsi var (r=0,75). Yəni, adambaşına düşən ÜDM-in yüksək olduğu ölkələrin əksəriyyəti bu indeks üzrə ümumi yüksək qiymət almışlar və ön pillələrdə yer tutmuşlar.

 Məruzəçi sub-indekslərin, eləcə də, alt indikatorların hesablanılmasının metodologiyası, Azərbaycanın bu indikatorlar üzrə mövqeyi haqqında məlumat verib, aparılan təhlillərin, əvvəlki illərlə, həmçinin digər ölkələrlə müqayisələrin nəticələrini, fərqliliklərin, dəyişikliklərin səbəblərini izah edib. Məruzəçi 2016-cı ildə dərc olunmuş hesabatın yenidən hazırlanarsa, ölkəmizdə son illərdə xarici ticarətin asanlaşdırılması, nəqliyyat və rabitə infrastrukturunun inkişafı, biznes mühtinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər sayəsində, respublikanın bu reytində mövqeyinin yüksələ biləcəyini bildirib.

 Dövlət Gömrük Komitəsində “Sərhəddə ticarət” işçi qrupunun üzvü olduğunu vurğulayan tədqiqatçı A.Eyvazov Rəqəmsal Ticarət Qovşağı, AZEXPORT.AZ - “MADE IN AZERBAIJAN” portalı, Yaşıl Dəhliz buraxılış sistemi, gömrük sistemində son yeniliklər barədə məlumat verib, bütün bu müsbət dəyişikliklərin Azərbaycanın bu kimi reytinqlərdə mövqeyinin yaxşılaşması üçün əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Məruzəçi tədqiqatın nəticələri barədə məlumat verərək, xarici ticarətin prosedurlarının sadələşdirilməsi, optimal gömrük tariflərinin müəyyənləşdirilməsi, müvafiq  beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətindəAMEA İqtisadiyyat İnstitutu ilə birlikdə yerinə yetirilməsi üçün Dövlət Gömrük Komitəsinə layihə təqdim etməyi təklif edib. Prof. Nazim İmanov bu təşəbbüsü müsbət qiymətləndirib.

 Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında maraqlı müzakirələr aparılıb, çıxış edən alimlər öz fikir və mülahizələrini bildiriblər (economics.com.az).