Xilaskarın quruculuq missiyası
- Oxunub 304 dəfə
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistanın kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsinin bitməsindən cəmi 6 gün sonra - 2020-ci il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıla ilk səfəri tariximizin möhtəşən zəfərimizdən sonrakı yeni dönüş anı idi. Qalib sərkərdənin bu Qələbə səfəri hərb gücünə əldə etdiyimiz böyük zəfərin təntənəsi, işğal dövrünün bitməsinin azad edilmiş torpaqlarımızdan dünyaya bəyan olunması idi.
Qarabağın tarixini dəyişdirən səfər
Uzun illər işğal altında qalmış kəndlərin, şəhərlərin infrastrukturunun, ekologiyasının bərpası ilə bağlı planların icra olunacağını açıqlayan dövlət başçısı Qarabağa ilk səfəri zamanı düşmənin yerlə-yeksan etdiyi tarixi torpaqlarımızda quruculuq işlərinə başlanıldığını da bəyan etdi.
Bütün Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bu səfər çərçivəsində Prezident İlham Əliyev Füzuli, Cəbrayıl şəhərlərində, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırmaqla yanaşı, bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparan Füzuli-Şuşa avtomobil yolunun və ya “Zəfər” yolunun da təməlini qoydu. Bu layihə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən birinci layihə olduğu üçün onun icrasının xüsusi tarixi əhəmiyyəti var. Təxminən bir il ərzində reallaşan bu layihənin digər üstünlüyü Şuşaya getmək imkanlarının asanlaşdırılması oldu. Həmin yol çəkilənədək Şuşaya yalnız Ağdamdan getmək mümkün idi. İndi isə Şuşaya birbaşa Füzulidən də getmək olur.
Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə işğaldan azad edilmiş torpaqlarımızda yalnız bərpa, yenidənqurma işləri aparılıb. Dövlət başçısının təşəbbüsü ilə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, ərazilərdə müasir şəhərsalma planlaşdırılmasının həyata keçirilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionunun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir.
Prezident İlham Əliyevin Qarabağa -ötən bir il ərzində işğaldan azad edilmiş rayonlara etdiyi bütün səfərlər və bu səfər çərçivəsində rayon ictimaiyyəti ilə keçirdiyi görüşlər, təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib. Bütün bunlara görədir ki, müharibənin bitməsindən çox az vaxtın - cəmi bir ilin keçməsinə baxmayaraq, Böyük qayıdış proqramının ilk mərhələsi artıq reallaşdırılmaq üzrədir. Azərbaycan müharibədən yeni çıxan ölkə olsa da, onun sürətlə apardığı yenidənqurma işləri sayəsində cari ilin sonuna qədər Zəngilan köçkünlərinin bir qisminin öz doğma yurd-yuvalarına geri qayıtması real olacaq.
Prezidentin Qarabağa səfərləri yalnız yeni layihələrin icrası ilə yadda qalmadı. Dövlət başçısı elə ilk səfəri zamanı Azərbaycanın necə vandal bir düşmənlə üz-üzə qaldığını, onun tarixi Azərbaycan torpaqlarında hansı vəhşiliklər törətdiyini bütün dünyaya göstərdi.
Xarabalıqlardan “ağıllı şəhərə”...
Prezidentin Qarabağa ilk səfəri zamanı Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə iştirak edən AMEA-nın İqtisadiyyat İnstitutunun Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzininin rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev elə həmin görüşdə Prezidentin simasında bir əzmkarlıq, qətiyyət, Qarabağın yenidənqurulması ilə bağlı aydın planın olmasını gördüyünü söyləyir.
Onun sözlərinə görə, bu əzm və qətiyyəti bir il əvvəl müharibə gedən zaman da görürdük. O zaman dövlət başçısı bütün təzyiqlərə baxmayaraq, müharibədə qələbə çalmaq, sona qədər getmək əzmində idi. Bu gün isə o, azad edilmiş torpaqları yenidən bərpa etmək, dirçəltmək əzmindədir. Bunun üçün isə əvvəlcə həmin ərazilərdə təhlükəsizlik təmin edilməli idi. Son bir il ərzində bu istiqamət üzrə də mühüm işlər görülüb.
Ötən dövrdə aparılan tikinti-quruculuq işlərinə nəzər salan iqtisadçı alim qeyd edir ki, artıq Qarabağda 11 istiqamətli avtomobil yolu çəkilir, 3 hava limanı, 3 dəmiryolu tikilir, kommunikasiya stansiyaları qurulur və s. tədbirlər həyata keçirilir. Belə ki, “Zəfər” yolu azad olunmuş ərazilərdəki ən mühüm layihələrdən biri olmaqla Füzuli rayonundan Şuşa şəhərinə çəkilib və uzunluğu 101,5 kilometrdir. Bundan başqa, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd, Horadiz-Zəngilan-Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. İşğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanıb. Bundan başqa, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini keçirib. Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının, Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin, Zəfər və İşğal muzeylərinin, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan “Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi” elektrik şəbəkəsinin təməli qoyulub.
Mərkəz rəhbəri hesab edir ki, Qarabağda hava yolunun açılması, avtomobil yolu və dəmiryollarının inşası, habelə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan müasir infrastruktura malik nəqliyyat qovşağına çevriləcək.
Alim qeyd edir ki, bərpa və yenidənqurma işləri olduqca böyük vəsait tələb etdiyindən proses yalnız dövlət resursları ilə deyil, xarici ölkələrin, şirkətlərin qoyduğu investisiyaları dəyərləndirməklə həyata keçirilir. Bu prosesdə Türkiyə, İsrail, İtaliya, Çin və s. ölkələrin qabaqcıl şirkətlərinin iştirakını xüsusi qeyd etmək lazımdır.
Təkcə tikinti-quruculuq işlərinə deyil, kənd təsərrüfatının canlanmasına da diqqət yetirilir
A.Musayev əlavə edir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma layihələri çərçivəsində təkcə tikinti-quruculuq işləri deyil, kənd təsərrüfatının canlanması və inkişafı məsələsinə də ciddi diqqət yetirilir. İşğaldan qabaqkı dövrdə ölkə üzrə əkin sahələrinin 7,7 faizi, üzümçülüyün 24,7 faizi, taxılçılığın 14,3 faizi, tütünçülüyün 11,6 faizi, bostançılığın 5,3 faizi, kartofun 3,3 faizi, pambıqçılığın 2,7 faizi, tərəvəzin 2,3 faizi, meyvə və giləmeyvə sahələrinin 1,8 faizi Qarabağ və ətraf rayonların payına düşürdü. Burada 1,213 milyon hektar (ha) torpaq sahəsinin yarısı - 591,776 min ha əkinə yararlı, 231,056 min ha əkin, 351,822 min ha örüş-otlaq və biçənək sahəsi, 8,898 ha həyətyanı sahədir. İşğaldan azad edilmiş ərazilərdə 2021-ci ilin məhsulu üçün payızlıq və yazlıq əkinlər daxil olmaqla, 8,9 min ha sahədə taxıl əkinləri həyata keçirilib. Azad olunmuş rayonlarda yalnız heyvandalıq üçün deyil, əlverişli təbii-iqlim şəraitinə və zəngin bitki örtüyünə malik olduğundan arıçılığın inkişafı üçün də böyük potensial var. Artıq azad edilmiş ərazilərdəki yaylaqlara ümumilikdə 4068, o cümlədən Laçın yaylaqlarına 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatı köçürülüb.
A.Musayev ölkə prezidentinin yürütdüyü düzgün iqtisadi siyasət nəticəsində sadalanan bütün imkanlardan yetərincə istifadə ediləcəyinə, ötən bir il ərzində görülən bütün işlərin səmərəli nəticə verəcəyinə də əmindir.
"Azərbaycan" qəzeti, 16.11.2021.