Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun 2021-ci ildəki fəaliyyətinə dair illik yekun hesabat təqdim olunub

  • Oxunub 363 dəfə

 Dekabrın 10-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilib. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə İqtisadiyyat İnstitutunun 2021-ci ildə yerinə yetirdiyi plan elmi tədqiqat işləri üzrə yekun illik hesabat dinlənilib. İclasa AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov da qatılıb.

 İnstitutun icraçı direktor əvəzi, i.f.d., dosent Allahyar Muradov yekun illik hesabatı təqdim edərək bildirib ki, 2021-ci ildə AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycanın sosial-iqtisadi inkişafi və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” (2019-2021-ci llər) mövzusunda tədqiqatlar aparılmışdır. Tədqiqatlar zamanı 20 dövlət qurumundan - 11 nazirlik və 9 dövlət komitəsi və agentliyindən daxil olmuş təkliflər nəzərə alınmışdır. İnstitutda 27 indeks üzrə umumilikdə 24 tədqiqat qrupu yaradılmış və bu zaman əməkdaşların tədqiqat istiqaməti əsas götürülmüşdür. İnstitutda 22 beynəlxalq reytinq üzrə aparılmış tədqiqatların nəticəsi olaraq 5 kitab nəşr olunub (Şəbəkə hazırlığı indeksi, Qlobal rəqabət qabiliyyəti indeksi, Biznes mühiti hesabatı, İqtisadi azadlıq indeksi və Xidmət sahələrinin reytinqi), daha 14 kitabın çapı nəzərdə tutulur.  

 İnstitutun özünün hazırladığı 5 reytinq üzrə də tədqiqatlar aparılmışdır. Bunlar İS(S)İ - 2019: İqtisadi inkişaf strategiyasının seçilməsi imkanları, Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların həyat keyfiyyəti indeksi, Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların iqtisadi inkişaf və diversifikasiya İndeksi, Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların sosial-iqtisadi inkişaf İndeksi və Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların iqtisadi potensialının reallaşdırılması İndeksidir.

 A.Muradov qeyd edib ki, Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişafı və Azərbaycanın iqtisadi və inzibati rayonlarında iqtisadi potensialdan istifadənin effektivliyi reytinqləri üzrə tədqiqatların nəticəsi olaraq ilk dəfə Azərbaycan regionlarının iqtisadi inkişaf və diversifikasiya indeksi işlənib hazırlanmışdır. Bu tədqiqat Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında iqtisadi inkişaf və diversifikasiya səviyyəsini qiymətləndirmək məqsədi ilə yerinə yetirilmişdir. Qiymətləndirmə müəlliflərin (prof. N.Müzəffərli və dos. A.Muradov) işləyib hazırladıqları metodologiya əsasında aparılmışdır. Ciddi praktik əhəmiyyətə malik olan, regionlararası müqayisələrin aparılmasına imkan verən reytinq hazırlanmışdır. Tədqiqat Azərbaycanın bölgələri üzrə aparılsa da, təklif edilən yanaşma, prinsip etibarilə, universal səciyyəlidir və digər ölkələrdə də regionlararası qiymətləndirmələr aparılmasına imkan verir.

 AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradovun apardığı tədqiqatlar əsasında “Azərbaycanın demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər (1828-2020-ci illər)” kitabı nəşr edilib.  Monoqrafiyada ilk dəfə olaraq zəngin tarixi, rəsmi statistik və elmi mənbələrin məlumatları əsasında 200 ilə yaxın tarixi dövr ərzində (1828-2020-ci illərdə) müxtəlif siyasi quruluşları özündə ehtiva edən dövrdə demoqrafik proseslərdə baş verən dəyişikliklər, urbanizasiya məsələləri ilə bağlı kompleks araşdırma apaşdırılmışdır. Tədqiqat işində demoqrafik dəyişikliklərə təsir edən amillər tədqiq edilərək qiymətləndirilib, yaxın və uzaq gələcəkdə üçün ölkənin demoqrafik inkişaf vəziyyətinin prioritet istiqamətləri müəyyənləşdirilmiş və onların nizamlanmasında dair elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr verilmişdir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdikləri görüşdə İqtisadiyyat İnstitutunun 3 alimi - professorlar Nazim Müzəffərli (İmanov), Akif Musayev və Tərbiz Əliyev də iştirak ediblər.

 AMEA İqtisadiyyat İnstitutu dövlət qurumları ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamının icrası məqsədi ilə Nazirlər Kabineti yanında yaradılmış 18 işçi qrupunun 8-də  AMEA İqtisadiyyat İnstitutu ekspertlər səviyyəsində təmsil olunur.

 A.Muradov məlumat verib ki, İqtisadiyyat İnstitutu işğaldan azad edilmiş Qarabağın gələcək iqtisadiyyatı ilə bağlı ciddi elmi araşdırmalar aparır, bu sahədə dövlət və hökumət qurumlarına elmi dəstək verir. Belə ki, Azərbaycan Respublikasının Prezident Administrasiyasıının sifarişi ilə ADA universiteti ilə birgə “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflər hazırlanması” və İqtisadiyyat Nazirliyinin sifarişi ilə “Post-konflikt ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstün sahələrinin müəyyənləşdirilməsi” layihələri həyata keçirilir. Həmin layihələrin rəhbəri İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim  Müzəffərlidir. Habelə bu ilin iyun ayında Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə bir qrup iş adamı üçün Şamaxıda “Post-konflikt ərazilərin bərpası: biznes imkanları” mövzusunda təlimlər təşkil olunub. Oktyabr ayında Tərtər rayonunda “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərdən başlanan yol” mövzusunda “dəyirmi masa” keçirilib.  İnstitutun əməkdaşları tərəfindən Qarabağla bağlı elmi məqalələr yazılmış, mətbuatda məqalələr çap olunmuş, televiziyalarda 70-dən artıq çıxışlar edilmişdir.

 2021-ci ildə İnstitutda müxtəlif aktual iqtisadi mövzuları əhatə edən 28 elmi seminar keçirilmişdir. İl ərzində İnstitutun əməkdaşları 10-dan çox beynəlxalq konfrans və forumda,  ölkə səviyyəli 15-ə yaxın video-konfransda onlayn formatda iştirak ediblər.

 İqtisadiyyat İnstitutu elmi tədqiqat işləri ilə yanaşı yüksək ixtisaslı elm kadrların hazırlanmasında da yaxından iştirak edir. Hazırda İnstitutda 82 doktorant və dissertant, 3 magistr təhsil alır. Onlardan 20-si elmlər doktorluğu hazırlığı üzrə, 62-si fəlsəfə doktorluğu hazırlığı üzrədır. Bu il İnstitutun üç şöbə müdiri elmlər doktorluğu dissertasiya işini, daha üç əməkdaş fəlsəfə doktorluğu dissertasiya işini müdafiə edib, 7 iş isə müdafiəyə hazırdır.

 2021-ci ildə İqtisadiyyat İnstitutunun əməkdaşlarının bütövlükdə 257 əsəri, o cümlədən 50-dən çoxu xaricdə çap olunub. Onlardan 11-i kitab və monoqrafiyadır. Web of Scinece, SCOPUS bazasına daxil olan nəşrlərdəki məqalələrin sayı 12-dir. Bu il institutun kitab fonduna 488 nüsxə ədəbiyyat daxil olmuşdur.

 İqtisadiyyat İnstitutunun fəaliyyəti 2021-ci ildə də KİV-də geniş işıqlandırılıb. İnstitutun birbaşa fəaliyyəti ilə bağlı 250-dən artıq xəbər hazırlanaraq economics.com.az İnternet saytında yerləşdirilib. 128 ölkədən izlənən sayta baxış sayı 720 mindir. Sayt daha çox Rusiya (daxil olmaların 6,4%-i), ABŞ (daxil olmaların 6,1%-i), Avropa Birliyi (1,9 %),  Türkiyə (1,2%), Ukrayna (0,9%), Almaniya, Böyük Britaniya, İrlandiya, İspaniya, Çin, Gürcüstan, İran, Belarus və s. ölkələrdə oxucular tərəfindən izlənilir. 2019-cu ildə yaradılmış İnstitutun YouTube kanalında 115, ocümlədən 2021-ci ildə 62 video-material yerləşdirilmişdir. Bu videolar İqtisadiyyat İnstitutunun alimlərinin ölkəmizin tanınmış və aparıcı televiziya kanallarına müsahibələrini, verilişlərdə ekspert qismində iştiraklarını əhatə edir.  Habelə il ərzində İnstitutunun fəaliyyəti ilə bağlı müxtəlif KİV-lərdə 300-dən artıq xəbər yayılıb.

 İclasda Elmi Şuranın üzvləri – AMEA-nın müxbir üzvü, prof. Qorxmaz İmanov, professorlar - Tərbiz Əliyev, Akif Musayev, Tofiq Hüseynov, dosentlər - Mayis Gülalıyev, Rəsmiyyə Abdullayeva, Mahir Zeynalov və digərləri çıxış ediblər. Sonra açıq səsvermə ilə təqdim olunan illik hesabat və İnstitutuin 2021-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

 Sonda prof. Nazim Müzəffərli çıxış edərək illik hesabata, görülən işlərə, qaldırılan məsələlərə öz münasibətini bildirib, Qarabağda yeni iqtisadiyyat quruculuğu ilə bağlı tədqiqatlardan, hökumət və dövlət qurumları ilə sıx əməkdaşlıqdan, birgə layihələrdən, habelə İnstitutun başlıca hədəfləri və qarşıda duran əsas vəzifələrindən danışıb (economics.com.az).