Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professorlar Nazim Müzəffərli və Tərbiz Əliyev SDU-da keçirilən beynəlxalq elmi konfransda çıxış ediblər

  • Oxunub 335 dəfə

 Dekabrın 16-da Sumqayıt Dövlət Universiteti (SDU) ilə Türkiyənin Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri” adlı onlayn formatda beynəlxalq elmi konfrans keçirilib. Tədbirə AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov), Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, respublikamızın elmi-tədqiqat institutlarından, ali məktəblərindən və dünyanın bir çox ölkələrindən: Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Çin, İran və Özbəkistandan bir qrup iqtisadçı-alimlər qatılıblar.

 Konfransın açılışında SDU-nun rektoru, professor Elxan Hüseynov və Türkiyənin Yıldız Texniki Universitetinin rektoru, professor Tamer Yılmaz konfransın əhəmiyyətindən, iki qardaş ölkənin universitetləri arasındakı iş birliyindən söz açıblar.  

 Professor Nazim Müzəffərli (İmanov) çıxış edərək Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlardan, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma işlərindən, regionun potensial imkanlarından və gələcək inkişaf perspektivlərindən, Qarabağda yeni iqtisadiyyat quruculuğundan danışıb.

 Sonra alimlərin - akademik Ziyad Səmədzadə, Yıldız Texniki Universitetinin professoru Murat Anıl Mercan, Moskva Dövlət Universitetinin professoru Mixail Kulakov və digərlərinin elmi məruzələri dinlənilib. AMEA-nın İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, professor Tərbiz Əliyev “İnformasiya cəmiyyəti kontekstində iqtisadiyyatın gücləndirilməsində sahibkarlığın rolunun artırılması istiqamətləri” mövzusunda çıxış edib. Maraqlı elmi müzakirələr aparılıb.

 Qeyd edək ki, konfransın Təşkilat komitəsinə 8 xarici ölkənin (Rusiya, Türkiyə, Kazaxıstan, Belarus, Çin Xalq Respublikası, İran, Özbəkistan) 19 universitetindən və respublikamızın 35 elm və ali təhsil müəssisəsindən daxil olan 142 məruzə və tezis konfransın gündəliyinə daxil edilib. Konfrans öz işini 8 bölmə üzrə davam etdirib.