Minimum əməkhaqqının artırılması işləyənlərin sosial müdafiəsini gücləndirəcək
- Oxunub 381 dəfə
Dosent Rəsmiyyə Abdullayeva: “Minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə vahid taarif cədvəli əsasında işçilərin maaşları artacaq”
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam imzalayıb. Bu sərəncama əsasən minimum əməkhaqqı 2022-ci ilin yanvarın 1-dən etibarən 300 manata yüksəldilib. Məlum olduğu kimi, 2021-ci ildə müvafiq göstərici 250 manat təşkil edirdi. Minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Taarif Cədvəli (VTC) əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20% artırılacaq. Minimum əməkhaqqının artımı VTC-nin bütün pillələri üzrə artımlara imkan verəcək.
AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dosent Rəsmiyyə Abdullayeva economics.com.az saytına bildirib ki, ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə (o cümlədən dövlət və özəl sektor üzrə hər biri 400 min nəfər olmaqla) şamil olunacaq. Sərəncama əsasən işçilərin mövcud əməkhaqları 2022-ci ilin yanvar ayından artırılacaq. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, mənzil-kommunal, nəqliyyat və rabitə və s. sahələrdə çalışanlar daxildir.Həmçinin büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də artırılacaq. Ümumilikdə, minimum əməkhaqqının artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.
R.Abdullayeva onu da qeyd edib ki, 2022-ci ildə minimum əməkhaqqı yaşayış minimumunu (210 manat) 43 faiz üstələyəcək: “Ölkədə minimum əməkhaqqının artımını zəruri edən şərtlər mövcud idi. Onların sırasına ölkədəki inflyasiya səviyyəsi, minimum əməkhaqqının ölkə üzrə orta aylıq nominal əməkhaqqına nisbətinin aşağı olamsı və s. daxildir. 2020-ci ildə ölkəmizdə minimum əməkhaqqının orta aylıq nominal əməkhaqqına nisbəti 36% təşkil etmişdir ki, bu da beynəlxalq normalara uyğun deyil. Minimum əməkhaqqının artımı, onun ölkə üzrə orta aylıq nominmal əməkhaqqına nisbətinin beynəlxalq normalara, o cümlədən Avropa Sosial Xartiysının tələblərinə (Avropa Sosial Xartiyasının tələblərinə görə minimum əməkhaqqının məbləği orta aylıq nominal əməkhaqqının 60%-dən az olmamalıdır) uyğunlaşdırmağa imkan verəcək və işləyənlərin sosial müdafiəsini gücləndirəcək”.
Dos. Rəsmiyyə Abdullayeva qeyd olunan mövzuda “Qafqaz TV”yə müsahibə verib. Videomateriala aşağıdakı linkdə baxa bilərsiniz.