Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Ermənistanın dövlət borcu təklükəli həddə çatıb

  • Oxunub 541 dəfə

 Müstəqillik əldə etdikdən sonra Ermənistanın xarici borcu davamlı olaraq artmışdır. 2000-ci ildə bu rəqəm 1,01 milyard dollar olduğu halda, 2020-ci ildə 13,09 milyard dollara çatmışdır. Təkcə 2019-cu illə müqayisədə xarici borcun məbləği 1,2 milyard dollar artmışdır. 2000-ci ildə dövlət borcu ÜDM-in 51,6%-ni təşkil etdiyi halda, 2019-cu ildə 86,1%, 2020-ci ildə isə 105,2%-ni təşkil etmişdir.

 2021-ci ildən başlayaraq dövlət borcu daha sürətlə artmağa başlamışdır. Ermənistanın illik xarici borclanma planına əsasən, Ermənistan 2021-ci ildə 341 milyard dram kəsirin maliyyələşdirilməsi üçün ümumilikdə 308,2 milyon dollar və ya 152,2 milyard dram cəlb etməyi planlaşdırırdı. Təkcə 2021-ci ilin ikinci rübü ərzində 220 milyon dollar əlavə dövlət borcu cəlb etmişdir.

 Ermənistan dövlət tərəfindən yerli və xarici rezidentlərdən alınmış bu borclara görə dövlət büdcəsindən davamlı faiz xərcləri ödənilməkdədir. 2012-ci ildən 2020-ci ilə kimi faiz xərclərinin ümumi dövlət büdcəsinin tərkibindəki payı iki dəfə artmışdır. 2020-ci ildə faiz xərcləri ümumi büdcə xərclərinin 8,6%-ni, yəni 329,6 milyon dollarını təşkil etmişdir. Başqa sözlə, ÜDM-ni təqribən 2,6%-i ölkənin xarici mənbələrə olan borc və öhdəliklərinə yönəldilməkdədir. Büdcə xərclərinin tərkibində faiz xərclərinin bu formada kəskin və davamlı artımı gələcək risklərdən xəbər verməkdədir.

 Digər diqqət çəkən məqamlardan biri də odur ki, bu faiz xərcləri əsasən yeni alınmış borclara deyil, əvvəlki illərdən qalmış borclara görə ödənilməkdədir. Əslən Ermənistandan olan Harvard Universiteti məzunu, makroiqitsadi araşdırmaçı Samson Avetianın təhlilərinə əsasən dövlət büdcəsindəki bu trend eyni templə davam edərsə, 2030-cu ildə faiz xərcləri ümumi dövlət büdcəsi xərclərinin 30%-ni təşkil edəcəkdir. Başqa sözlə, dövlət büdcəsinin 30%-i əvvəlki illər alınmış borcların maliyyələşdirilməsinə səfərbər ediləcəkdir. Eyni zamanda, gələcəkdə Ermənistan milli valyutası olan dramda hər hansı mümkün zəifləmə faiz xərclərini daha da artıracaqdır. Bildiyimiz kimi bəzi sahələrdə dövlət xərcləri daha geniş iqtisadi artımı təşviq edə bilər. Ancaq dövlət gəlirləri sabit və balanslaşdırılmış deyilsə, artan dövlət xərcləri maliyyə davamlılığı və makroiqtisadi sabitlik üçün təhlükəyə yarada bilər. Eyni vəziyyət Ermənistan Respublikasına da aiddir. Belə ki, Ermənistan dövlət büdcəsi xərclərinin iqtisadi baxımdan bölgüsü metodologiyasına əsasən investisiya xərcləri ümumi dövlət büdcəsi xərclərinin yalnız 15.7%-ni təşkil etməkdədir. Bu o deməkdir ki, dövlət büdcəsi daha çox cari xərclərə sərf edilməklə, gələcək iqtisadi artımı və səmərəliliyi təmin edən investisiya xərcləri aşağı çəkiyə malikdir.

 Ölkə borclarının çox yüksək və qəbul edilə bilən səviyyədən yüksək, zəif sənaye və təbii ehtiyatların məhdud olması nəzərə alınarsa, artımı təmin edəcək dövlət xərclərini həyata keçirməsi qısa müddətdə çox da mümkün görünməməkdədir.

 Ermənistan iqtisadiyyatının xarici dövlət borcunun təhlili göstərir ki, apardığı müharibə və işğalçılıq xəyallarından əl çəkib öz siyasətində ciddi dəyişiklik etməzsə, növbəti on illikdə öz borc öhdəliklərini ödəyə bilməyəcəyi vəziyyətə gələrək müflisləşəcəkdir. Bir dövlət kimi müstəqilliyini davam etdirmək üçün Ermənistan hazırkı işğalçılıq xəyallarından əl çəkərək regionda yaranmış yeni əməkdaşlıq imkanlarından faydalanmaqdan başqa alternativi yoxdur.

 Səftər Vəlizadə,

 AMEA İqtisadiyyat İnstitutunun doktorantı