Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadçı-ekspert: “Pensiya sistemində liberal islahatlar daha yaxşı nəticələr verə bilər”

  • Oxunub 426 dəfə

 24 dekabr 2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun təsdiqlənmişdir. Bu dəyişikliyə əsasən,2022-ci ilin yanvarın 1-dən etibarən pensiyaların minimum həddi 20% artırılaraq 200 manatdan 240 manata çatdırılmışdır. Beləliklə də, 65 min nəfərin pensiyasında artım baş vermişdir. Artım nəticəsində 44 min nəfərin pensiyası minimum həddə - 240 manat olmuşdur. Bu artım, həmçinin 2022-ci ildə pensiyaya çıxan 21 min nəfər şəxsə də şamil olunur.

 AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dosent Rəsmiyyə Abdullayeva economics.com.az saytına bildirib ki, 2022-ci ildə ölkəmizdə pensiyaçılar üçün yaşayış minimumu 176 manat müəyyənləşdirilmişdir. Yəni, müvafiq ildə pensiyanın minimum məbləği pensiyaçıların yaşayış minimumunu 36,4% üstələyəcək. Lakin bununla belə,  yeni artım pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi nöqteyi-nəzərindən kifayət deyil. Belə ki, son 10 ildə pensiyaların orta aylıq məbləği 2,7 dəfə, o cümlədən yaşa görə 2,8 dəfə, əlilliyə görə 2,4 dəfə, ailə başçısını itirməyə görə 3 dəfə artmışdır. 2021-ci ildə isə ölkəmizdə orta aylıq pensiyanın məbləği 331 manat olmuş və onun ölkə üzrə orta aylıq əməkhaqqına nisbəti 42% təşkil etmişdir. Sevindirici haldır ki, bu nisbət Beynəlxalq Əmək Təşkilatının müəyyənləşdirdiyi minimum həddən (40%-dən) yüksəkdir. 2010-cu ildə isə bu nisbət 34% təşkil edirdi. Lakin orta aylıq pensiyanın orta aylıq nominal əməkhaqqına nisbəti yenə də inkişaf etmiş ölkələrlə müqayisədə asağıdır. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə orta aylıq pensiyanın orta aylıq nominal əməkhaqqına nisbəti 45-70% arasında dəyişir. Məsələn, bu göstərici Lüksemburqda 86%, İtaliyada 71%, Fransada 68%, Hollandiyada 64%, Norveçdə 58%, İsveçdə 57% təşkil edir. Bu göstərici post-sosialist ölkələrində (Polşa, Slovakiya, Rumıniya və s.) 60%-dən yüksəkdir.

 Azərbaycanda pensiyaya çıxma yaşına da münasibət bildirən iqtisadçı-ekspert ölkəmizdə onun yüksək olduğunu qeyd edib. Hazırda ölkəmizdə pensiyaya çıxmaq yaşı kişilər üçün 65, qadınlar üçün isə 62,5-dir. Qadınların pensiyaya çıxmaq yaşı, məlum olduğu kimi, hər il 6 ay olmaqla artırılıb 2027-ci ildə 65-ə çatdırılacaqdır. Beləliklə də, ölkəmizdə pensiyaya çıxmaq yaşı kişi və qadınlar üçün bərabərləşərək 65 təşkil edəcəkdir. Bu da, istər əksər qonşu, istərsə də inkişaf etmiş ölkələrin müvafiq göstəricilərindən yüksəkdir. Müqayisə üçün qeyd edək ki, pensiyaya çıxmaq yaşı kişilər və qadınlar üçün müvafiq olaraq Gürcüstanda 65 və 60, Qazaxıstanda 63 və 60, Estoniyada 63,5; Latviyada 63,9, Norveç və Fransada də 62, İsveçdə 61 təşkil edir. Halbuki bu ölkələrin əksəriyyətində doğulanda gözlənilən ömür müddəti respublikamıza nisbətən daha çoxdur. Dünya Bankının məlumatına əsasən, 2019-cu ildə doğulanda gözlənilən ömür müddəti Fransa və Norveçdə – 83, Estoniyada 78, Latviyada 75, Gürcüstanda 74, Azərbaycan və Qazaxıstanda 73 təşkil etmişdir. 

 İqtisadçı-ekspert onu da vurğulayıb ki, ümumiyyətlə, hökumətlər pensiya sahəsində islahat aparmağın ən asan yolunu pensiyaya çıxmaq yaşını artırmaqda görürlər. R.Abdullayevanın fikrincə, bu, heç də uğurlu islahat sayıla bilməz: “Çünki pensiyaya çıxmaq yaşı artırmağın mümkün bir həddi var və bu həddən çox uzaqlaşmaq sosial təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər. Odur ki, hökumətlər pensiyaya çıxmaq yaşının artırılması əvəzinə pensiya sistemində liberal islahatlar aparsalar, sosial-iqtisadi inkişaf baxımından daha yaxşı nəticələr əldə edə bilərlər” (economics.com.az).