İqtisadiyyat İnstitutunda elmi əsərlərin plagiat mövzusunda yoxlanılması məqsədi ilə ekspert komissiyası yaradılıb
- Oxunub 348 dəfə
AMEA İqtisadiyyat İnstitutu son vaxtlar ölkəmizdə elm sahəsində plagiata qarşı mübarizənin gücləndirilməsini və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) bu yöndə həyata keçirdiyi tədbirləri tam dəstəkləyir.
Həmin tədbirlər sayəsində məlum olmuşdur ki, İnstitutda hazırlanan elmi əsərlərin və İnstitut nəzdindəki Müdafiə Şurasına təqdim edilən dissertasiyaların plagiat mövzusunda yoxlanılması üzrə hazırda tətbiq edilən qaydalar bir sıra hallarda yetərli deyil və təkmilləşdirilməsinə ehtiyac var. Bunu nəzərə alaraq, 14 yanvar 2022-ci il tarixində İnstitutun rəhbərliyinin və elmi şöbə müdirlərinin iştirakı ilə keçirilmiş müşavirədə belə bir qərar qəbul olunmuşdur ki, dissertasiyalarda, elmi ad almaq üçün təqdim edilən elmi əsərlərdə, Elmi Şuraya çapa tövsiyə olunmaq üçün təqdim edilən əsərlərdə müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadəni aşkarlamaq məqsədi ilə İnstitutda yeni qaydaların tətbiqinə ehtiyac vardır.
Qeyd edilənlər nəzərə alınaraq İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərlinin (İmanov) müvafiq əmri ilə dissertasiyalar da daxil olmaqla elmi əsərlərin plagiat mövzusunda yoxlanılması məqsədi ilə İnstitutda “Plagiata qarşı ekspert Komissiyası” yaradılıb. Komissiyanın fəaliyyətinə nəzarət İnstitutun elmi katibi, i.f.d., dos. Leyli Allahverdiyevaya həvalə olunub. Komissiyaya İnstitutun əməkdaşları - aparıcı elmi işçi, i.f.d., dos. Emin Məmmədzadə – sədr və böyük elmi işçi Gülnarə Fətəliyeva – üzv daxil ediliblər.
Dissertasiyaların plagiat mövzusunda yoxlanılması iki mərhələdə həyata keçiriləcək: ilkin müzakirəyə təqdim edilərkən – “Strikeplagiarism” antiplagiat sistemi vasitəsi ilə; elmi seminara təqdim edilərkən – komissiya tərəfindən ekspert yoxlaması üsulu ilə. İnstitut Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan monoqrafiya, kitab və məqalələr, habelə elmi ad almaq üçün AAK-a göndərilməsi nəzərdə tutulan elmi əsərlər Elmi Şuraya təqdim edilməzdən əvvəl Komissiya tərəfindən ekspert üsulu ilə yoxlanılacaq. Komissiya fevralın 1-dən fəaliyyətə başlayacaq. Habelə fevralın 1-dən etibarən dissertasiyaların ilkin müzakirələri və elmi seminarlar bərpa olunacaq (economics.com.az).