AMEA İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin magistrantlarına təlim keçirilir
- Oxunub 372 dəfə
İlk təcrübə-təlimi İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli aparıb
Fevralın 17-də AMEA İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. AMEA İqtisadiyyat İnstitutunda keçirilən tədbirdə sənədi AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli və BBU-nun rektoru, i.e.d., professor İbad Abbasov imzalayıblar. Müqaviləyə əsasən BBU-nun tələbə və magistrləri İqtisadiyyat İnstitutunda “Beynəlxalq müqayisəli iqtisadi tədqiqatlar” mövzusunda təcrübə-təlim kursu keçəcəklər.
Professor Nazim Müzəffərli bildirib ki, 1 ay müddətində keçiriləcək ilk təlimdə BBU-nun 15 magistrantı iştirak edəcək. Onlar üçün dünyada iqtisadiyyat sahəsində məşhur beynəlxalq müqayisəli reytinqlər və bu sahədə aparılan tədqiqatlarla bağlı təlimlər, praktiki məşğələlər təşkil ediləcək. Təlimlərin sonunda onların aldıqları biliklər test olunacaq. Yüksək nəticə göstərənlərə AMEA İqtisadiyyat İnstitutunun sertifikatı təqdim olunacaq. Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün İnstitutun şöbə müdiri, i.e.d., professor Müşfiq Atakişiyev səlahiyyətli şəxs təyin olunub.
Müqaviləyə əsasən təlim kursları ödənişli olacaq və buna görə BBU İqtisadiyyat İnstitutuna vəsait ödəyəcək. Bu, özəl universitetlə AMEA İnstitutu arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda ilk təcrübədir. Təlimləri İqtisadiyyat İnstitutunun alimləri keçəcəklər. Tədbir Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Ali (orta ixtisas) təhsil müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında əsasnamə” əsas götürülməklə təşkil olunub. Universitetin tələbə və magistrantları təlim keçməklə yanaşı İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanacaqlar. Son 3 ildə beynəlxalq reytinqlər üzrə araşdırmalar aparan, kitablar nəşr edən, bu sahədə müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir.
Professor İbad Abbasov rəhbərlik etdiyi universitetin fəaliyyəti, təlim-tədris prosesindəki əsas yeniliklər, BBU-da müasir standartlara uyğun təhsilin təşkili, 25 Avropa univeristetləri ilə əməkdaşlıq əlaqələri və onlarla birgə həyata keçirilən layihələr barədə məlumat verib. Rektor BBU ilə İqtisadiyyat İnstitutu arasında bağlanan əməkdaşlıq müqaviləsini təhsil və elm ocağının əməkdaşlığı baxımından yüksək qiymətləndirib, faydalı olacağına əminliyini vurğulayıb.
Sonra prof. Nazim Müzəffərli BBU-nun magistrantlarına “Ölkələrarası iqtisadi müqayisələr niyə və necə aparılır?” mövzusunda ilk təlimi keçib. Beynəlxaq iqtisadi reytinqlər, bu sahədə aparılan tədqiqatlar, onların əsas mahiyyəti, başlıca xüsusiyyətləri, əhəmiyyəti, mənfi və müsbət cəhətləri, habelə AMEA İqtisadiyyat İnstitutunun özünün hazırladığı reytinqlər və sahədə aparılan araşdırmalar barədə danışıb. Habelə suallar cavablandırılıb, sərbəst rejimdə maraqlı müzakirələr aparılıb.