Elmi Seminarda “Ekoloji Effektivlik İndeksi üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” problemləri müzakirə olunub
- Oxunub 294 dəfə
Fevralın 21-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə institutun və bir sıra ali təhsil müəssisələrinin əməkdaşları qatılıblar.
Seminarda AMEA İqtisadiyyat İnstitutunun “Maliyyə, pul-kredit siyasəti” söbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə dktoru Sulduz Səlimov “Ekoloji Effektivlik İndeksi üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” adlı məruzə ilə çıxış edib. Ekoloji Effektivlik İndeksi (EEİ), onun medodilogiyası və bu sahədə aparılan tədqiqatlar barədə məlumat verən məruzəçi bildirib ki, EEİ-2020 11 aspekt üzrə 32 göstərici və ətraf mühit, təbii ehtiyatların xidmət səviyyəsini əhatə edən ekosistemin dayanıqlılığı əsas olmaqla iki siyasi məqsədi özündə ehtiva edir. Hər bir səviyyə ümumi ballar hesablanmaqla faizlə göstərilir. Məlumatlar beynəlxalq idarəetmə qurumları, qeyri-hökumət təşkilatları və akademik tədqiqat mərkəzləri kimi etibarlı üçüncü tərəf mənbələrindən əldə edilir. Statistik məlumatlar, elmi ictimaiyyət tərəfindən nəzərdən keçirilmiş və ya beynəlxalq qurumlar tərəfindən təsdiqlənmiş toplama metodlarına əsaslanır. EEEİ təbii ehtiyatların idarə edilməsi üzrə və insan sağlamlığını ətraf mühit risklərindən qorumaq üçün bir sıra göstəriciləri əks etdirir. Siyasətçilər, biznes dairələri, sahibkarlar, vətəndaş cəmiyyəti institutları, araşdırmaçılar, qeyri-hökümət təşkilatları və kütləvi informasiya vasitələri ekologiya sahəsində siyasət və əsas meyllər haqqında məlumat almaq üçün ildə bir dəfə yayımlanan Ekoloji Effektivlik İndeksi hesabatına istinad edirlər.
Tədqiqatçlı qeyd edib ki, dünyada ekoloji problemlərin arxasındakı mürəkkəblik təhlükəli və böyük ola bilər. Davamlı inkişafla bağlı müzakirələr ekoloji problemlərin təbiəti ilə bağlı qeyri-müəyyənlik və düzgün təyin olunmamış həll yolları ilə əlaqələndirilə bilər. Bu səbəbdən ölkə xaricində və daxilində ətraf mühitin yaxılaşdırılmasına çalışanların ekoloji göstəriciləri ətraflı öyrənməsi son dərəcə vacibdir. Hesabatdakı sıralamalar ölkələr arasında sağlam rəqabəti inkişaf etdirmək üçün xüsusilə faydalıdır.
Ekoloji Effektivlik İndeksi üzrə Azərbaycanın 180 ölkə arasında 72-ci yerdə olduğunu bildirən S.Səlimov reytinqdə Azərbaycanın mövqelərinin yaxşılaşdırılması ilə bağlı təkliflərini səsləndirib, ətraf mühitə atılan sənaye tullatılarının azaldılmasının vacibliyini, tullantıların düzgün idarə edilməsinin əhəmiyyətini qeyd edib. Ölkədə ekoloji tarazlığın təmin olunması problemləri, ekologiyanın korlanmasına görə cərimələrin tədbiqi və onun effektivliyi, ətraf mühitin mühafizəsi ilə bağlı başlıca ekoloji amillər, müəssisələrin ətraf mühiti çirkləndiməsinin qarşısının alınması yolları, məişət tullantılarının idarə olunmasının iqtisadi səmərəsi, pandemiyanın sanayeyə və ekologiyaya dolayı təsirləri, Azərbaycanda real ekoloji vəziyyət barədə danışıb.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.com.az).