AMEA-nın rəhbərliyi İqtisadiyyat İnstitutunda aparılan tədqiqatları yüksək qiymətləndirir
- Oxunub 403 dəfə
AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov AMEA İqtisadiyyat İnstitutunda son illər aparılan elmi tədqiqatlar əsasında nəşr olunmuş kitabları yüksək qiymətləndirib.
Akademik İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., prof. Nazim Müzəffərliyə göndərdiyi məktubunda qeyd edir ki, “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin, Beynəlxalq Telekommunikasiya İttifaqının və Dünya Bankının hesabatı əsasında beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin araşdırıldığı və ölkənin bu istiqamətdə mövcud olan boşluqlarının aradan qaldırılması üçün konkret təklif və tövsiyələrin verildiyi “İKT üzrə beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması yolları” adlı kitab və 2019-2021-ci illər üçün plan elmi-tədqiqat işi çərçivəsində nəşr edilmiş digər kitablar ölkənin iqtisadi inkişaf səviyyəsinin tədqiq edilməsində mühüm rola malikdir. Qeyd etmək istərdim ki, tərəfinizdən təqdim olunan AMEA-nın İqtisadiyyat İnstitutunun hazırladığı kitab üçün minnətdarlığımı bildirir, Sizə və rəhbərlik etdiyiniz İnstitutun əməkdaşlarına gələcək elmi fəaliyyətinizdə uğurlar arzulayıram”.
Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən “İKT üzrə beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması yolları” adlı kitabın müəllifi İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin böyük elmi işçisi Gülnarə Fətəliyeva, elmi redaktoru, i.f.d., dosent Leyli Allahverdiyeva, rəyçiləri i.f.d., dos. Allahyar Muradov və i.f.d., dos. Mahir Zeynalovdur.
Akademik Arif Həşimov İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsində prof. Tərbiz Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlar əsasında nəşr olunmuş daha bir kitaba - “Azərbaycanda biznes mühiti – 2020: reallıqlar və perspektivlər” adlı kollektiv monoqrafiyaya da müsbət rəy bildirib: “Dünya Bankının hesabatı əsasında beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin araşdırıldığı və ölkənin bu istiqamətdə mövcud olan boşluqlarının aradan qaldırılması üçün konkret təklif və tovsiyələrin verildiyi “Azərbaycanda biznes mühiti – 2020: reallıqlar və perspektivlər” adlı kitab ölkədə biznes mühitinin inkişafının tədqiq edilməsində mühüm rola malikdir. AMEA-nın İqtisadiyyat İnstitutunun hazırladığı kitab üçün minnətdarlığımı bildirir, gələcək elmi fəaliyyətinizdə uğurlar arzulayıram”.
Qeyd edək ki, İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən bu kitabın elmi redaktoru, i.e.d., professor Tərbiz Əliyev, rəyçiləri i.e.d., professor Müşfiq Atakişiyev və i.f.d., dosent Allahyar Muradovdur.
Hər iki kitab İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., prof. Nazim Müzəffərlinin ümimi elmi rəhbərliyi ilə İnstitutda “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması” mövzusunda aparılan elmi tədqiqatlar əsasında hazırlanıb.