"İqtisadi Artım və İctimai Rifah" jurnalının dördüncü nömrəsi nəşr olunub
- Oxunub 297 dəfə
AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının 2021-ci il üzrə dördüncü nömrəsi oxuculara təqdim olunub.
Jurnalın bu sayında “İnsan kapitalının formalaşması və ondan səmərəli istifadə olunması”, “Müasir iqtisadi şəraitdə aqrar sektorun innovativ inkişaf istiqamətləri”, “Azərbaycan Respublikasında ekoloji amillərin iqtisadi qiymətləndirilməsi”, “Büdcələrarası münasibətlərin səmərəli sisteminin təşkili regionların inkişafının maliyyə təminatının mühüm amili kimi”, “Azərbaycanın Almaniya ilə xarici ticarət əlaqələrinin təhlili və inkişaf istiqamətləri”, “Naxçıvan regionunda beynəlxalq turizmi inkişaf perspektivləri”, “Kommersiya banklarında gəlirlərin idarə edilməsi mexanizminin təhlili” və s. aktual mövzularda elmi məqalələr yer alıb.
"İqtisadi Artım və İctimai Rifah" jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 11 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.
“Elmi əsərlər” jurnalının varisi olan dərgi Azərbaycan Respublikası Әdliyyə Nazirliyində 26.04.2011-ci ildə qeydiyyata alınmışdır (Reyestr № 3402). Habelə beynəlxalq ISSN mərkəzi (Paris) 2020-ci ildə jurnala ISSN kodu vermişdir: ISSN 2707-9309; E-ISSN 2707-9317. ICI World of Journals, Jurnal Internet Archive, Road, Academic Resource Index ResearchBib, Academia.edu, Scribd, Calameo indekslərinə daxildir. Xülasələndirilmə və indeksləşdirilmə davam etməkdədir.
2020-ci ildə jurnalın redaksiya heyətinin üzvləri yenilənmiş, dünyanin nüfuzlu ölkələrinin universitetlərinin iqtisadiyyat üzrə tanınmış iqtisadçı alimləri, akademik və professorlar yeni tərkibə daxil edilmişdir. İldə 4 dəfə dərc olunan elmi nəşrin baş redaktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini, professor Müşfiq Atakişiyev, məsul katibi iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədovdur.
Jurnal iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap edilir. Habelə jurnalın elektron variantı İqtisadiyyat İnstitutunun İnternet saytında (economics.com.az) yerləşdirilir ki, burada məqalələrlə elektron qaydada da tanış olmaq mümkündür (economics.com.az).