Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

  • Oxunub 372 dəfə

 Martın 17-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.

 Baş direktor İnstitutun gənc əməkdaşı Mirvari Qəzənfərlinin Təhsil şöbəsinin yeni müdiri təyin olunması barədə məlumat verib.   

 Prof. Nazim Müzəffərli İnstitutun strukturuna təklif edilən dəyişikliklər və onun zəruriliyi barədə danışıb, bununla bağlı elmi şöbələrinin müdirləri ilə əvvəlcədən müzakirələrin aparıldığını bildirib. İnstitutun elmi şöbələrinin iqtisad elminin müasir tələblərinə və çağırışlarına uyğun olaraq təklif olunan yeni strukturu, hər bir şöbənin adı ilə bağlı yenilikləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Müzakirələr aparıldıqdan sonra dəyişikliklər nəzərə alınmaqla Elmi Şuranın qərarı ilə yeni struktur təsdiqlənib. Yeni strukturun təsdiqlənməsi üçün AMEA-nın Rəyasət Heyətinə müraciət olunacaq.  

 

 İclasda Elmi Şuranın üzvü, i.e.d., professor Tofiq Hüseynov dissertasiyalara münasibətdə tələbkarlığın gücləndirilməsi ilə bağlı məruzə ilə çıxış edib, elmi işlərin yazılması, şöbə və seminarlarda müzakirəsi, müdafiəsi mərhələlərində müşahidə olunan başlıca problemlərdən danışıb, onların aradan qaldırılması ilə bağlı öz mülahizələrini bildirib.

 İclasda  elmi əsərlərin plagiat mövzusunda yoxlanılması məqsədi ilə İnstitutda yaradılmış “Plagiata qarşı ekspert Komissiyası”nın üzvü i.f.d., dosent Emin Məmmədzadə komissiyanın əsas iş prinsipləri, yeni qaydalar, müraciətlər barədə ətraflı məlumat verib.

 Hər iki məsələ ilə bağlı prof. Tərbiz Əliyev, AMEA-nın müxbir üzvü, prof. Şahbaz Muradov, Tanrıverdi Paşa və digərləri çıxış ediblər, dissertasiyalara münasibətdə tələbkarlığın gücləndirilməsinin, dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsinin, müzakirə mərhələlərində müvafiq qaydalara düzgün əməl edilməsinin və plagiata qarşı mübarizənin vacibliyini qeyd ediblər. Habelə bu məsələlərlə bağlı müzakirələr zamanı bir sıra təklif və tövsiyələr səsləndirilib (economics.com.az).