Direktor əməkdaşları təbrik etdi
- Oxunub 363 dəfə
Əziz həmkarlar!
Bu il bahar Azərbaycana bir az “ərköyün”, qar-şaxta içində gəlir. Elə bil qar da bolluğun, xeyir-bərəkətin müjdəsini verir. Şükürlər olsun, Vətənimiz bütövləşib, daha bir-birimizə “gələn Novruzu Şuşada da qeyd edək” deyib köks ötürmürük. İndi biz qalib millətik! İndi bizə zaval yoxdur! Bu qaliblik sevincini bizə yaşadanlara, sadəcə torpağımızı deyil, həm də milli şərəfimizi özümüzə qaytaranlara – qəhrəman Əsgərimizdən, şəhid və qazilərimizdən Müzəffər Prezidentimizə qədər hər kəsə eşq olsun!
Amma rəqabət kimi anlaşılan savaş heç zaman bitmir. İndi savaş elm və texnologiyalar, təhsil və mədəniyyət müstəvilərinə keçir. Gələcək o xalqlarındır ki, elmin, maarifin, mədəniyyətin inkişafında öndə olmağı bacarırlar. Elm dünyanın simasını dəyişdirir və getdikcə daha çox dəyişdirəcək.
Elmimizin inkişaf etdirilməsi, ölkəmizin real problemlərinin həllinə hədəfləndirilməsi sahəsində iqtisadçıların da daşıyacağı yük var. Mən inanıram ki, ölkəmizdə bir neçə ciddi, cəmiyyətdə sözünün çəkisi olan, dəb ifadə ilə desəm, beynəlxalq standartlara cavab verən iqtisadi tədqiqat mərkəzinə həqiqətən ehtiyac var. Və bizim İnstitutun belə bir mərkəzə çevrilmək şansı kifayət qədər böyükdür.
Əlbəttə, hamı kimi mən də bilirəm ki, Akademiyanın indiki vəziyyətində, adı ilə desəm, dərin böhran keçirdiyi bir vaxtda belə bir mərkəz qurmaq çətin işdir. Onilliklər boyu yığılan və son illərdə xüsusilə dərinləşən problemlər ayaqdan asılan daş kimi bizi geriyə çəkir. Üstəlik, bəzi “böyük alimlərimizin” yaramaz davranışları ziyalı adını nüfuzdan-gözdən salmaqda davam edir. Özü ilə səmimi olmağı bacaran adamlar “elmimiz dövlətin real ehtiyaclarını qarşılaya bilirmi və bu cürelm kiməsə lazımdırmı?” sualına, nə qədər çalışsalar belə, müsbət cavab verə bilmirlər.
Amma biz bu böhranı da adlayacağıq. Və ağıllı-savadlı adamların dedi-qodudan, şər-böhtandan təmizlənmiş bir mühitdə dövlətimizin bügünü və gələcəyi naminə ciddi elmi araşdırmalar aparacağı, hamının hörmətlə yanaşacağı bir ELM MƏBƏDİ və onun içində də ölkəyə real faydalar gətirən bir İqtisadiyyat İnstitutu yaratmağı bacaracağıq.
Nədən buna inanıram? Ondan ki, Qarabağ savaşını udan xalqın öhdəsindən gələ bilməyəcəyi heç bir iş yoxdur!
Əziz həmkarlar, Novruz bayramı münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm! Canınız sağlam, eviniz xeyir-bərəkətli, süfrəniz bol, qulağınız dinc, ailələriniz xoşbəxt olsun!
Nazim Müzəffərli (İmanov)