Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ənənəvi heyvandarlıq sahələri yüksək potensiala malikdir
- Oxunub 401 dəfə
Ekspertin fikrincə, Qarabağ və Şərqi Zəngəzur rayonlarında heyvandarlıq sahəsindəki yüksək potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da inkişaf etdirilməlidir. İşğaldan azad edilmiş ərazilərdə ildə 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təmin etməsi baxımından əhəmiyyətli rəqəmdir.
Tələbatı tam ödəmək məqsədilə bir çox ərzaq məhsulları ölkəyə xaricdən idxal edilir. Bu sıraya ət və ət məhsulları da daxildir. Ət məhsullarının idxaldan asılılığını azaltmaq üçün indiyədək dövlət qurumları tərəfindən aqrar sahəyə ciddi dəstək olunub. Hər ötən il bu sahədə statistik göstəricilər müsbətə doğru dəyişib. Lakin hələ də ət və ət məhsulları sahəsində idxaldan asılılıq var. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvarında Azərbaycan 5 milyon 720.46 min ABŞ dolları dəyərində 3 165.38 ton ət idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 32.9% və 34.3% çoxdur.