BU GÜN İQTİSADİYYAT İNSTİTUTUNUN 64 YAŞI TAMAM OLUR
- Oxunub 610 dəfə
Əziz həmkarlar!
Bir neçə ildir ki, biz aprelin 14-nü “İNSTİTUT GÜNÜ” kimi qeyd edirik. Bu, keçdiyimiz yola təkrar nəzər salıb özümüzə hesabat verdiyimiz, gələcək işlərimizi bir də götür-qoy elədiyimiz gündür.
Hamı bilir ki, bizim İnstitut AMEA-da xüsusi bir yer tutur. Onu da hamı bilir ki, İnstitutumuz Azərbaycanda iqtisad elminin inkişafına necə töhfələr verib. Keçdiyimiz şərəfli tarixi yol haqqında da çox deyilib. Qürur duyuruq ki, fundamental iqtisadi tədqiqatlar sahəsində ölkəmizin əsas elmi mərkəziyik. Bu statusun nə dərəcədə şərəfli və eyni zamanda məsuliyyətli olduğunun hamımız fərqindəyik, deyilmi?!
Bizdən gözləntilər də böyükdür, görməli olduğumuz və əminəm ki, görəcəyimiz işlər də çoxdur. Dünya tamam qarışıb, burulğanlar-müharibələr içindədir. Dünyanın yeni düzəni formalaşmaqdadır. Prezidentimiz Azərbaycanı bu təlatümlərin arasından böyük siyasi ustalıqla irəliyə aparır. Ölkəmizdə indiyəcən heç vaxt olmayan irimiqyaslı quruculuq işləri gedir. Ən əsası – Qarabağ daha azaddır və indi yenidən, özü də, necə deyərlər, sıfırdan qurulur. Bu möhtəşəm işlərdən hamıya pay düşür. İqtisadçılarımızın üzərinə düşən vəzifələr də çox ciddidir. Boş söhbətlərə, dedi-qoduya vaxt yoxdur. HƏR BİRİMİZ dövlətimizə mümkün qədər faydalı olmağa çalışmalıyıq və inanıram ki, çalışacağıq!
Sizi “İnstitut günü” münasibəti ilə təbrik edir, işlərinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram!
Nazim Müzəffərli (İmanov)