Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyunda qalib gəlib

  • Oxunub 594 dəfə

 Aprelin 25-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının açılışı olub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr edilən ənənəvi çempionatın açılış mərasimində AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, Dilqəm Tağıyev, AHİ-nin sədri, professor Habil Qurbanov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, bir sıra elmi müəssisə və təşkilatların baş direktorları, Həmkarlar Təşkilatlarının sədrləri və gənc alimlər iştirak ediblər.

 Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində çıxış edən professor Habil Qurbanov sonuncu çempionatın 2019-cu ildə baş tutduğunu, pandemiyadan qaynaqlanaraq turnirə 3 il fasilə verildiyini söyləyib. O, çempionata göstərilən marağın bu il də yüksək olduğunu, turnirdə Akademiyanın 20 elmi müəssisə və təşkilatından 19 komandanın iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 25 aprel - 25 may tarixlərində keçirilməsi planlaşdırılan oyunlar AFFA-nın peşəkar hakimi tərəfindən idarə ediləcək.

 Çempionatda fəal iştirak edən AMEA İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyunda AMEA Genetik Ehtiyatlar İnstitutunun komandası ilə qarşılaşıb. Gərgin və maraqlı oyun baş tutub, İqtisadiyyat İnstitutunun komandası rəqibinə 9:5 hesabı ilə qalib gəlib. Komandamız aprelin 27-də keçiriləcək növbəti oyununa hazırlaşır.

 Xatırladaq ki, 2019-cu ildə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatı”nda AMEA-nın İqtisadiyyat İnstitutunun komandası çempionatın qalibi olub və qızıl medallara layiq görülüb.

 AMEA İqtisadiyyat İnstitutunun futbol komandasına bu çempionatda da qalib olmasını arzu edirik! (economics.com.az)