İqtisadiyyat İnstitutunun alimləri İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif ediliblər
- Oxunub 257 dəfə
Mayın 19-da AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) Elmi şurasının növbəti iclası keçirilib. Tədbridə İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli də iştirak edib.
AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva tədbirin gündəliyi barədə məlumat verib. İclasda akademik Nailə Vəlixanlının “Zəngəzur bölgəsi tarixdə və tarixşünaslıqda” mövzusunda məruzəsi dinlənilib.
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdirləri, professorlar - Tofiq Hüseynov 85, Tərbiz Əliyev 75 və baş elmi işçi, professor Ağarza Rüstəmov 70 illik yubileyləri və iqtisad elminin inkişafındakı xidmətlərinə görə, İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif ediliblər. Habelə AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin 100 və AMEA-nın müxbir üzvü Akif Musayevin 75 illik yubileyinin qeyd olunması ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.
Tədbirdə akademik Gövhər Baxşəliyeva AMEA-nın Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” qərarın icra vəziyyəti haqqında İEB-nin elmi tədqiqat müəssisələrində həyata keçirilən işlərdən danışıb. Toplantıda bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Bölmənin müəssisələrində çalışan əməkdaşların məqalələrinin “Vikipediya”da yerləşdirilməsi istiqamətində işlərin aparılması haqqında məsələ geniş müzakirə edilib.
İclasda AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilib, eləcə də İnstitutun strukturunda daxili imkanlar hesabına mövcud ştat vahidi əsasında bir sıra dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.