Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun ümumi iclası keçirillib

  • Oxunub 434 dəfə

 Akademik Arif Həşimov: “Elmi İnstitutların strukturu zamanın tələblərinə uyğun olaraq yenilənməlidir”

  İyunun 8-də AMEA İqtisadiyyat İnstitutunun ümumi iclası keçirillib. AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun da iştirak etdiyi tədbiri  giriş sözü ilə İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov) açıb.

 Prof. Nazim Müzəffərli İnstitutda aparılmış və  AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş struktur islahatları barədə məlumat verib. Bildirib ki, 1 şöbə ləğv olunub, digər bir sıra şöbələrin adları dəyişdirilib. 12 elmi şöbə və 1 elmi mərkəz fəaliyyət göstərəcək. Bunlar - İqtisadi siyasətin nəzəri əsasları, İnklüziv sosial inkişaf, Monetar və fiskal tənzimləmə problemləri, Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı, İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya, Demoqrafiya və məşğulluq problemləri, Xidmət sferasının iqtisadiyyatı, Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi, Aqrar sektorun iqtisadi problemləri, Sənaye siyasəti və investisiya problemləri, Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri, İqtisadi tədqiqatların riyazi təminatı şöbələri və Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzidir.

 Baş direktor bildirib ki, İnstitutda kadr islahatları da həyata keçirilib. Belə ki, i.e.d., professor Müşfiq Atakişiyev İqtisadiyyat İnstitutunun icraçı direktoru, i.f.d., dosent Allahyar Muradov xüsusi elmi-tədqiqat layihələri üzrə direktorun müşaviri, i.f.d., dos. Pərviz Həsənov Xidmət sferasının iqtisadiyyatı şöbəsinin müdiri, Təranə İbadova baş direktorluq üçün köməkçi vəzifələrinə təyin olunublar.

 Akademik Arif Həşimov zamanın tələblərinə və müasir çağırışlara uyğun olaraq İqtisadiyyat İnstitutunda aparılmış struktur dəyişikliklərinin vacibliyini və əhəmiyyətini qeyd edib. İqtisadiyyat İnstitutunun apardığı fundamental tədqiqatların Azərbaycanda iqtisad elminin, ölkə iqtisadiyyatının inkişafındakı yeri və rolunu xüsusi vurğulayıb. Akademik AMEA-nın İnstitutlarına idarəetmə və qərarların qəbulu proseslərində, habelə maliyyələşmədə, elmi tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi sahəsində daha çox müstəqilliyin verilməsinin tərəfdarı olduğunu bildirib.

 Sonra İqtisadiyyat İnstitutunun icraçı direktoru, professor Müşfiq Atakişiyev çıxış edərək ona həvalə olunan yeni vəzifənin məsuliyyətindən, qarşıda duran əsas vəzifələrdən və hədəflərdən, görüləcək işlərdən, şöbələrdə aparılan elmi tədqiqatların keyfiyyətinin artırılmasının vacibliyindən, elmi müzakirələrin təşkilindən, kadr potensialından səmərəli istifadə imkanlarından danışıb.

 İqtisadiyyat İnstitutunun Xüsusi elmi-tədqiqat layihələri üzrə direktorun müşaviri, dos. Allahyar Muradov hökumət qurumlarının sifarişi ilə həyata keçirilən layihələr, habelə müxtəlif tipli yeni layihələrdə, ayrı-ayrı qurumların elan etdikləri qrant müsabiqələrində institutun əməkdaşlarının iştirakı imkanları barədə məlumat verib.

 Sonda prof. N.Müzəffərli (İmanov) Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində 2022-ci il sentyabr ayının 18-19-da  keçiriləcək “MƏDƏNİYYƏTİN İQTİSADİYYATI: ŞUŞADAN İNKİŞAF İMPULSLARI” mövzusunda beynəlxalq elmi-praktik konfrans barəsində məlumat verib. Bildirib ki, konfransda Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı, Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması mövzularında müzakirələr aparılacaq, məruzələr dinləniləcək. Beynəlxalq əhəmiyyət daşıyan elmi-praktik konfransda xaricdən dəvət olunacaq tanınmış ekspertlərin və tədqiqatçıların da iştirak edəcəyi gözlənilir.

 Tədbirdə baş direktor N.Müzəffərli (İmanov) AMEA-nın müxbir üzvü, professor Akif Musayevi 75, prof. Tofiq Hüseynovu 85, Tərbiz Əliyevi 75, prof. Ağarza  Rüstəmovu 70, baş menecer Şakir Alıyevi 60 illik yubileyləri münasibəti ilə təbrik edərək gül dəstələri təqdim edib, onlara pul mükafatı veriləcəyini bildirib. AMEA-nın müxbir üzvü, professor Akif Musayevin 75 illiyi münasibəti ilə AMEA-nın Rəyasət Heyətinin  qərarı əsasında elmi sessiya da keçiriləcək (economics.com.az).