Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Müşfiq Atakişiyev “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildlik kitabının təqdimatında iştirak edib

  • Oxunub 554 dəfə

 AMEA-nın Gəncə Bölməsində akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildlik kitabının təqdimatı keçirilib.  AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru, iqtisad elmləri doktoru, professor Müşfiq  Atakişiyevin də iştirak etdiyi, müəlliflə keçirilən görüşə elmi ictimaiyyətin nümayəndələri  qatılıblar. 

 Tədbiri giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb, Ziyad Səmədzadənin yeni kitabını Azərbaycan iqtisad elminə böyük töhfə kimi dəyərləndirib. O, həmçinin kitabın, bir ensiklopedik bilgilər mənbəyi kimi, iqtisadçı alimlər və gənc tədqiqatçılar üçün olduqca faydalı olduğuna diqqət çəkib.

 Tədbirdə Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  kafedra  müdiri,  professor  Məhiş  Əhmədov,  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  kafedra  müdiri,  professor  Məhərrəm  Hüseynov, Azərbaycan  Texnologiya  Universitetinin  marketinq  kafedrasının dosenti  Nüşabə  Hacıyeva, AMEA-nın İqtisadiyyat  İnstitutunun  icraçı direktoru,  professor Müşfiq  Atakişiyev, Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, professor İbrahim Quliyev,  Gəncə  Dövlət  Universiteti  Menecment  və  turizm  işi  kafedrasının profesor  əvəzi Arzu  Həsənov,  Gəncə  Dövlət  Universitetinin  Menecment   və  turizm  işi  kafedrasının müdiri Əli Allahverdiyev öz çıxışlarında “Azərbaycan iqtisadiyyatı 100 ildə” kitablar toplusunu ölkəmizin müasir iqtisadi həyatında öz izi olan akademik Ziyad Səmədzadənin bu yöndə yarım əsrlik fəaliyyət və fndamental araşdırmalarının məhsulu kimi dəyərləndiriblər.  Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatının bir əsrlik dövrü barədə  fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən bu nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib, ümumən 3 mindən çox  səhifəni əhatə edən beşcildlikdə 1000-dən artıq mənbəyə istinad olunub, 400-dən artıq cədvəl və qrafik yer alıb.

 Kitabın müəllifi, akademik Ziyad Səmədzadə  çıxışında billdirib ki, beşcildliyin ərsəyə gəlməsinə əsas səbəb Ulu öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub. Akademik kitabın ana xəttinin üç fundamental prinsipə - milli maraqlar, iqtisadi təhlil və cəmiyyətin inkişafına söykəndiyini vurğulayıb.