Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi seminarda “Azərbaycanda həyat keyfiyyəti - 2020: inklüziv inkişafa doğru” adlı tədqiqat müzakirə olunub

  • Oxunub 306 dəfə

 İyunun 20-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

 Seminarda İqtisadiyyat İnstitutunun “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin elmi işçisi Minarə Ağayeva “Azərbaycanda həyat keyfiyyəti - 2020: inklüziv inkişafa doğru” mövzusunda aparılmış tədiqaqatın nəticələrinə həsr olunmuş təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, bu tədqiqat Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların həyat keyfiyyəti üzrə reytinqini ölçür, ölkənin 13 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 73 respublika tabeli şəhəri və  inzibati rayonları əhatə edir. Bakı şəhəri inkişaf səviyyəsinə və əhalisinin həyat keyfiyyətinə görə ölkənin digər bölgələrindən köklü surətdə fərqləndiyi üçün araşdırmaya daxil edilməmişdir.

 Həyat Keyfiyyəti İndeksinin (HKİ) hesablanma metodologiyası barədə geniş məlumat verən məruzəçi bildirib ki, indeks 36 göstərici əsasında 7 sub-indeksdə qruplaşdırılmışdır: Maddi rifah sub-indeksi (MR), Sağlamlıq sub-indeksi (SL), Təhsil sub-indeksi (TS), Təhlükəsizlik sub-indeksi (AM), Ailə möhkəmliyi sub-indeksi (AM),  Ekologiya sub-indeksi (EKO) və Asudə vaxt imkanları sub-indeksi (AVİ).  HKİ-ni formalaşdıran sub-indekslərə və bunların alt-indekslərinə çəki vermək məqsədi ilə keçirilmiş sorğuda yaradıcı heyətin üzvlərindən başqa 13 tanınmış ekspert də iştirak etmişdir. Bu indeks rayon və şəhərlər üzrə həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədi ilə AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş kompleks tədqiqatın nəticələridir və qiymətləndirmələr İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış HKİ əsasında aparılmışdır.

 Hər bir sub-indeks üzrə rayonlar üzrə aparılmış qiymətləndirmələrin nəticələrini geniş şəkildə təqdim edən Minarə Ağayeva qeyd edib ki, dünyanın əksər aparıcı tədqiqat mərkəzləri həyat keyfiyyətini qiymətləndirərkən məhz bu göstəricilərdən istifadə edir, yaradıcı heyət bunları həyat keyfiyyəti üzrə ölkədaxili reytinqləri hazırlamaq üçün yetərli sayır. Bu tipli bölgələrarası müqayisəli tədqiqatlar mühüm elmi məsələlərin həllinə kömək etməklə yanaşı, ciddi praktik əhəmiyyət daşıyır. Onların nəticələri regionların sosial-iqtisadi inkişafı ilə bağlı praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər.

Sonra seminarda mövzu üzrə geniş müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.com.az).