Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

  • Oxunub 334 dəfə

 İyunun 24-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.

 Professor Müşfiq Atakişiyev icraçı direktor təyin olunması ilə əlaqədar tutduğu vəzifəyə uyğun olaraq Elmi Şura sədrinin müavini seçilmiş, “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin yeni müdiri, dosent Pərviz Həsənov isə Şuranın üzvlüyünə daxil edilmişdir.

 Prof. Nazim Müzəffərli  bu il sentyabrın 18-19-da Şuşada keçiriləcək “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransa hazırlıq və təşkilati işlərlə bağlı məlumat verib. Habelə İqtisadiyyat İnstitutunun hökumət qurumlarının sifarişi ilə həyata keçirdiyi xüsusi elmi tədqiqat layihələri, institutun əməkdaşlarının hökumətin 10 işçi qrupunda ekspert qismində təmsil olunması, dövlət qurumları ilə əməkdaşlığın daha da genişləndirilməsi imkanları və onun əhəmiyyəti barədə danışıb. Onun təklifi əsasında Elmi Şuranın qərarı ilə baş direktorun xüsusi tədqiqat layihələri üzrə müavini vəzifəsi yaradılıb və təsdiqi üçün AMEA Rəyasət Heyətinə müraciət olunacaq.

 İcraçı direktor, prof. Müşfiq Atakişiyev İnstitutun plan elmi tədqiqat işlərinin yarımillik hesabatı ilə bağlı çıxış edib, illik hesabatların vaxtında təqdim edilməsi, şöbələrdə tədqiqatların keyfiyətinin artırılmasının vacibliyini qeyd edib. İnstitutda aparılmış son struktur islahatlarının əsas məqsədinin elmi tədqiqatların keyfiyyətinin artırılması olduğunu vurğulayıb. Bu il şöbə müdirlərinin ənənəvi hesabatı ilə yanaşı hər bir elmi əməkdaşın ayrı-ayrılıqda hesabatının da dinləniləcəyini bildirib.

 Elmi Şuranın qərarı ilə “Azərbaycanda həyat keyfiyyəti – 2020: inklüziv inkişafa doğru” kitabı (müəlliflər dos. Pərviz Həsənov və elmi işçi Minarə Ağayeva, elmi redaktoru i.e.d. Rəsmiyyə Abdullayeva) çapa tövsiyyə olunub (economics.com.az).