Sumqayıt Dövlət Universitetində İqtisadiyyat İnstitutu ilə birlikdə elmi konfrans keçirildi
- Oxunub 285 dəfə
Oktyabrın 20-də Sumqayıt Dövlət Universitetində (SDU) Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirildi.
Konfransda İqtisadiyyat İnstitutunun və SDU-nun əməkdaşları, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov və respublikamızın bir çox ali təhsil müəssisələrinin iqtisadçı alimləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan SDU-nun rektoru, professor Elxan Hüseynov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verdi, ölkə prezidenti İlham Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilib, respublikamızın və dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalamışdır.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru, professor Müşfiq Atakişiyev çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafının aktual problemlərinin elmi müzakirəsinə həsr olunmuş konfransın əhəmiyyətindən danışdı, həyata keçirilən uğurlu iqtisadi islahatların respublikamızın sosial-iqtisadi inkişafına şərait yaratdığını qeyd etdi.
Konfransda Musa Quliyev “Qlobal çağırışlar şəraitində Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri”, Tahir Rzayev “Azərbaycanda sosial-iqtisadi inkişafın yeni səviyyəyə qaldırılmasında aqrar sahənin rolu”, Vahid Novruzov “Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının şəffaflıq amili”, SDU-nun Maliyyə və mühasibat uçotu kafedrasının müdiri Loğman Abdullayev “Azərbaycan Respublikasında kredit münasibətlərinin inkişafında zəmanət mexanizminin rolu” mövzularında məruzə etdilər.
Məruzəçilər vurğuladılar ki, Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkələr sırasındadır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Sonra elmi konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirib. Konfransın Təşkilat Komitəsi tərəfindən respublikamızın 33 elm və ali təhsil müəssisəsindən 150-yə qədər məruzə və tezislər qəbul edilib.