Elmi seminarda Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişafı indeksi müzakirə olunub
- Oxunub 300 dəfə
Oktyabrın 24-də İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, i.e.d., professor Rəna Sultanova və Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva “Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişafı indeksi – 2019” mövzusunda apardıqları tədiqaqatın nəticələrinə həsr olunmuş təqdimatla çıxış ediblər. Məruzəçilər bildiriblər ki, tədqiqatlar zamanı Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişafı indeksi hesablanarkən 3 – iqtisadi inkişaf, sosial inkişaf və infrastrukturun inkişafı alt-indekslərindən istifadə olunub. Hər 3 sub-indeks üzrə şəhər və rayonlarım, iqtisadi rayonların reytinqi, sıralanması aparılmışdır. Ümumiləşdirilmiş sosial-iqtisadi inkişafı indeksi – 2019-un nəticələrinə əsasən, ilk onluğa Naxçıvan, Naftalan və Sumqayıt şəhərləri, Şərur, Şahbuz, Qax, Goranboy, Bərdə, Xızı rayonları və Şəki şəhəri daxildir.
İqtisadi rayonların Sosial-İqtisadi İnkişaf indeksi üzrə sıralamasında Naxçıvan MR birinci yerdədir. Sonrakı yerlərdə Abşeron, Gəncə-Qazax, Aran, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran iqtisadi rayonları gəlir. Şəhərlər arasında reytinqdə ilk beşliyə Naxçıvan, Naftalan, Sumqayıt, Şəki və Mingəçevir şəhərləri daxildir.
Tədqiqatçılar hesab edirlər ki, ölkə regionlarının qeyri-bərabər inkişafı, onlar arasında fərqin mövcudluğu bütövlükdə sosial-iqtisadi inkişafın təmin olunmasına öz təsirini göstərir. Ona görə də regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların tarazlı inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.
Sonra seminarda mövzu üzrə geniş müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.com.az).