İqtisadiyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- Oxunub 265 dəfə
Professor Nazim Müzəffərli: “İlham Əliyevin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, çünki indi o, Qarabağın fatehidir!”
Noyabrın 5-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir bizə Zəfər Günü kimi xoşbəxtliyi bəxş edən, torpaqlarımızı işğaldan azad etmiş qəhrəman əsgərlərimizin, ordumuzun alqışlanması ilə açılıb.
Zəfər Günü münasibətilə əməkdaşları təbrik edən İnstitutun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad olunmasından, qazandığımız böyük Qələbənin əhəmiyyətindən danışıb. Bildirib ki, “Qələbənin əhəmiyyəti təkcə torpaqlarımızı azad etməyimizdə deyil, həm də ən böyük nəticəmiz güclü millətə, dövlətə çevrilməyimizdədir. İlham Əliyevin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, çünki indi o, Qarabağın fatehidir! ”.
Prof. N.Müzəffərli bildirib ki, 8 Noyabr - Zəfər Günü münasibətilə İnstitutun əməkdaşlarına əməkhaqlarının 30%-i qədər mükafat verilib. Habelə hər bir əməkdaş üçün kənd təsərrüfatı məhsullarından ibarət bayramı sovqatı təşkil olunub.
Bunlarla yanaşı, İqtisadiyyat İnstitutunun baş direktorunun əmri ilə İnstitutda yerinə yetirilən plan elmi-tədqiqat işlərinin Zəfər Bayramına həsr olunmuş müsabiqəsi keçiriləcək. İnstitutun icraçı direktoru, prof. Müşfiq Atakişiyev müsabiqə şərtləri barədə geniş məlumat verib, habelə müsabiqənin elmi tədqiqat işləri yerinə yetirən əməkdaşlarının stimullaşdırılmasındakı əhəmiyyətini qeyd edib.
Baş dirktor İqtisadiyyat İnstitutunun işğaldan azad olunmuş ərazilərin bərpası və iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi elmi tədbirlər, hökumət qurumları ilə birgə layihələri barədə məlumat verib, alimlərin Qarabağda iqtisadiyyat quruculuğuna verə biləcəkləri elmi töhfələrin əhəmiyyətini qeyd edib.
Tədbirdə 44 günlük Vətən müharibəsinin iştirakçısı, İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin elmi işçisi Bəhruz İsmayılov Füzuli, Hadrud, Şuşanın azad olunması uğrunda iştirak etdiyi döyüşlər, əsgərlərimizin qəhrəmanlıqlarından danışıb. Qalib ordunun zabiti olması ilə fəxr etdiyini bildirib, Zəfər Günü münasibətilə ürək sözlərini, təbriklərini çatdırıb.
Tədbirdə İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Şanli Zəfərin təntənəsi: Qarabağda bərpa və böyük quruculuq” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük miqyaslı layihələr, bərpa və quruculuq işləri, dövlət insvestisiyaları, yeni iqtisadiyyat quruculuğu, əhalinin məskunlaşdırılması məsələləri barədə geniş məlumat verib (economics.com.az).