İqtisadiyyat İnstitutunun əməkdaşı Şuşa ilə bağlı elmi məqalə müsabiqəsinin qalibləri arasında yer alıb
- Oxunub 412 dəfə
UNEC-də “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova müsabiqənin məqsədinin Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasının təşviq edilməsi olduğunu bildirib. Elm üzrə prorektor professor Sakit Yaqubov Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edildiyini diqqətə çatdıraraq, bu münasibətlə UNEC-də tədbirlər planının təsdiqləndiyini qeyd edib və müsabiqənin tədbirlər planı çərçivəsində keçirildiyini bildirib.
Müsabiqənin təşkilatçısı, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev müsabiqənin keçirilməsi, təqdim olunan məqalələrin aktuallığı və dəyərləndirilməsi barədə məlumat verdikdən sonra müsabiqənin qalibləri açıqlanıb. Professor-müəllim, eləcə də doktorant-magistr heyəti üzrə ilk üç yerin sahibinə pul mükafatı, digərlərinə isə sertifikatlar təqdim olunub.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin böyük elmi işçisi Səbinə Əsədova müsabiqənin ilk onluğuna düşən qalibləri sırasında yer alıb, ona fəal iştirakına görə sertifikat təqdim edilib.
Müsabiqənin təşkilat komitəsinin üzvü, İqtisadiyyat İnstitutunun Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin müdiri, i.e.d., dos. Yaşar Məmmədov müsabiqəyə təqdim olunan məqalələrin qiymətləndirilməsində və qaliblərə sertifikatların təqdim edilməsində iştirak edib.