Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşları “Naxçıvan” Universitetində elmi konfransda iştirak ediblər

  • Oxunub 323 dəfə

 Noyabrın 22-də “Naxçıvan” Universitetində beynəlxalq elmi konfrans keçirilib. 

 “Beynəlxalq İpək Yolu və Naxçıvan” adlı elmi konfransa Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, İğdır Universiteti, Atatürk Universiteti, Milli Savunma Universiteti, Erzincan Binali Yıldırım Universiteti, Bilecik Şeyh Edebali Universitetinin akademik heyət üzvləri və alimləri qatılıb. Konfransa 150 məqalə daxil olub.

 Açılış-plenar iclasında çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva konfransın mövzusunun aktuallığını qeyd edərək bildirib ki, "Böyük İpək yolu» uzun əsrlər boyu Şərq ilə Qərb ölkələrinin iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafına görə misilsiz əhəmiyyətə malik olub. Naxçıvanı Böyük İpək yolu üzərində ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi kimi xarakterizə edən rektor bu tarixi yolun Naxçıvanın digər ölkələrlə mədəni-iqtisadi əlaqələrinin inkişafındakı rolundan bəhs edib. Vurğulayıb ki, Beynəlxalq İpək yolu ticarətin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb.

 Plenar iclasda elmi məruzələr dinlənilib. Sonra konfrans öz işini beş bölmədə (beynəlxalq münasibətlər və iqtisadiyyat; tarix, arxeologiya və etnoqrafiya; filologiya və folklorşünaslıq; mədəniyyət və təhsil; coğrafiya) keçirilən iclaslarla uğurla yekunlaşdırıb. Bölmə iclaslarında İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri - dosent Emin Məmmədzadə “İpək yolu” nəqliyyat dəhlizinin innovasiya məşğulluğunun stimullaşdırılmasına təsiri” və dosent Nəsimi Əhmədov “İpək yolu regionunda Azərbaycanın neftçıxarma sənayesinin səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış ediblər, müzakirələr aparılıb.