Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun 2022-ci ildəki fəaliyyətinə dair illik yekun hesabat təqdim olunub

  • Oxunub 346 dəfə

 Dekabrın 9-da İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda İqtisadiyyat İnstitutunun 2022-ci ildə yerinə yetirdiyi plan elmi tədqiqat işləri üzrə yekun illik hesabat dinlənilmişdir. İclasda AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov da iştirak etmişdir.

 İnstitutun icraçı direktoru, i.e.d., professor Müşfiq Atakişiyev yekun illik hesabatı təqdim edərək bildirib ki, 2022-ci ildə İqtisadiyyat İnstitutunda “Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafin milli prioritetlərinin reallaşdırılması istiqamətləri (2022-2025-ci illər)” mövzusunda tədqiqatlar aparılmışdır. İnstitut öz tədqiqatlarında dövlət proqramlarının, strategiya və konsepsiyaların qarşıya qoyduğu məqsəd və vəzifələri əsas tutur. İnstitutun hazırda yerinə yetirdiyi elmi-tədqiqat istiqaməti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə, eləcə də “AMEA 2020-2025-ci illər üçün inkişaf proqramına”  uyğun olaraq müəyyənləşdirilmişdir.

İnstitut Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqrqmlarının və Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı müvafiq dövlət qurumlar ilə sıx əməkdaşlıq edir, onların sifarişlərini yerinə yetirir və birgə tədqiqatlar aparılır. İnstitutun əməkdaşları hökumət qurumlarının iqtisadiyyatla bağlı 10-dan artıq işçi qruplarında ekspert qismində təmsil olunurlar.

 M.Atakişiyev bildirib ki, il ərzində aparılmış elmi tədqiqatlar əsasında bir sıra mühüm nəticələr əldə olunmuşdur. Belə ki, prof. Nazim Müzəffərlinin rəhbərliyi ilə Azərbaycanın post-konflikt ərazilərində iqtisadi potensialın qiymətləndirilməsi əsasında müqayisəli üstünlük sahələrinin seçilməsi üzrə təklif və tövsiyyələr hazırlanmışdır. Tədqiqat İqtisadiyyat Nazirliyinin sifarişi əsasında aparılmışdır. İlkin olaraq repatriasiya potensialı qiymətləndirilmiş, sonra isə müqayisəli üstünlüklərin təməlində dayanan 5 əsas inkişaf istiqaməti və 14 prioritet müəyyənləşdirilmişdir. Dördüncü sənaye inqilabının qarşıya qoyduğu vəzifələrin Qarabağda reallaşdırılması üçün potensial imkanlar ayrıca araşdırılmışdır. Potensial üstünlüklərin gerçəkləşdirilməsi üçün iqtisadiyyatın dövlət tənzimləməsinin dəstəkverici mexanizm və alətlərinin tətbiqi, dövlət-özəl əməkdaşlığının gücləndirilməsi üzrə konkret təklif və tövsiyyələr hazırlanmış və müvafiq dövlət qurumlarına təqdim olunmuşdur. Tədqiqatın nəticələri kitab şəklində nəşr olunacaqdır

 İqtisadiyyat İnstitutunun alimləri tərəfindən Azərbaycanın iqtisadi rayonları, respublika tabeli şəhərləri və inzibati rayonları üçün 3 reytinq hazırlanmışdır. Bunlar sosial-iqtisadi inkişaf səviyyəsi üzrə (i.e.d., prof. R.Sultanova və kollektiv) qiymətləndirmədir, kitab şəklində çapdadır; həyat keyfiyyəti üzrə (i.f.d., dos. P.Həsənov və M.Ağayeva) “Azərbaycanda həyat keyfiyyəti - 2020: İnklüziv inkişafa doğru” kitabı nəşr olunub; maliyyə özünəyetərliyi üzrə (N.Müzəffərli və kollektiv) Maliyyə Nazirliyinin sifarişi ilə tədqiqatdır ki, o da kitab şəklində çap ediləcəkdir.

 Bu reytinqlər İnstitutun özünün təklif etdiyi kompozit indekslər əsasında hazırlanmışdır. Nəticələr bölgələrin perspektiv inkişafı üzrə praktik idarəetmə qərarları qəbul edilərkən, sosial-iqtisadi inkişaf proqramları tərtib olunarkən, rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən istifadə oluna bilər. Metodologiyalar orijinaldır və universal səciyyə daşıyır, digər ölkələrdə də regionlararası qiymətləndirmələrin aparılmasına imkan verir. 

 Azərbaycanda sosial sahibkarlığın inkişaf istiqamətləri, o cümlədən onun təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi üzrə təkliflər toplusu hazırlanmışdır. Tədqiqat KOBİA-nın maliyyə dəstəyi ilə aparılmışdır. Nəticələr kitab şəklində nəşr edilmiş (Azərbaycanda sosial sahibkarlığın inkişafı”) və dövlət qurumlarına təqdim olunmuşdur.

 Əsas kapitala investisiyaların qeyri-neft ixracına təsirini və əsas istehsal fondlarının yeni yaradılan əlavə dəyərə təsirini müəyyənləşdirməyə imkan verən riyazi modellər işlənib hazırlanmışdır. Bu modellər əsasında sənaye sahələrində yaradılan əlavə dəyərin uzunmüddətli proqnozunu vermək mümkündür. Nəticələr müvafiq dövlət qurumlarına təqdim edilmişdir. Habelə İqtisadiyyat İnstitutu tərəfindən inflyasiyanın optimallıq çərçivəsini müəyyənləşdirmək üçün daha bir meyar təklif olunmuşdur. Nəticələr pul-kredit siyasətinin formalaşdırılması zamanı istifadə oluna bilər.

 Digər mühüm elmi nəticələr barədə də məlumat verən prof. M.Atakişiyev bildirib ki, iqtisadi siyasətin səmərəliliyinin artırılmasında iqtisadi-riyazi təhlil üsullarının rolu tədqiq edilmiş, makroiqtisadi göstəricilərin uzunmüddətli dövr üçün proqnozlaşdırılmasına imkan verən riyazi modellər işlənib hazırlanmışdır. Makroiqtisadi sabitlik və iqtisadi artım problemlərinin həllində böyük verilənlər, indekslər, korrelyasiya və reqressiya üsullarının tətbiqi imkanları araşdırılmışdır. Nəticələr bir neçə nəşrdə, o cümlədən Çex Respublikasında kitab kimi (İqtisadi tədqiqatlarda istifadə edilən riyazi yanaşmalar. Çex Respublikası, Mendel Universiteti, Brno, 2022) dərc olunmuşdur.

 İnstitut 2022-ci ildə 2  konfrans, 1  kitab təqdimatı və  müxtəlif mövzularda 14 elmi seminar keçirmişdir. Şuşada Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq mövzusunda elmi praktiki konfrans keçirilmişdir. İnstitutda «Şuşa ili» bağlı seminarlar keçirilmiş  və əməkdaşlarımız tərəfindən  bu istiqamətdə tədqiqatlar davam etdirilmiş, çoxsaylı məqalələr yazılmış, KİV-də çıxışlar etmişlər.

 2022-ci ildə İnstitutun əməkdaşları tərəfindən 268 əsər, o cümlədən 14 monoqrafiya, 5 dəsrlik və elmi-kütləvi nəşr, 140 məqalə, 100-dən artıq tezis, beynəlxaq elmi bazalara (Web of Scinece, SCOPUS və s.) daxil olan jurnallarda 19 məqalə olmaqla bütövlükdə xaricdə 44 əsər çap olunmuşdur. İl ərzində İnstitutun 50-yə yaxın əməkdaşı 15 elmi konfransda iştrak etmişdir. İnstitutun hazırda 2 elmi jurnalı - «İqtisadi artım və ictimai rifah» və “AMEA-nın Xəbərləri (İqtisadiyyat seriyası)” çap olunur.

 İqtisadiyyat İnstitutu elmi tədqiqat işləri ilə yanaşı yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da yaxından iştirak edir. Hazırda İnstitutda  43 nəfər fəlsəfə doktoru hazırlığı üzrə təhsil alır. Onlardan 32-si əyani, 11-i isə qiyabidir. Dissertanturada 26 nəfər, onlardan 12-si elmlər doktoru, 14-ü isə fəlsəfə doktoru üzrə təhsil alır. Magistraturada 6 nəfər oxuyur. 2022-ci ildə AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında 12 dissertasiya işinin müdafiəsi keçirilib. İnstitutun 6 əməkdaşı, 4 doktorantı bu il dissertasiya işini müdafiə etmişdir.

İnstitutda ümumilikdə 169 nəfər çalışır. Onlardan 118 nəfəri elmi işçidir. Elmi işçilərin 68,6%-nin elmi dərəcəsi vardır. Elmi dərəcəsi onların  21-i elmlər doktoru, 45-i fəlsəfə doktorudur.

 İqtisadiyyat İnstitutunun fəaliyyəti 2022-ci ildə də KİV-də geniş işıqlandırılıb. İnstitutun birbaşa fəaliyyəti ilə bağlı 250-yə yaxın xəbərhazırlanaraq economics.com.az İnternet saytında yerləşdirilib. 136 ölkədən izlənən saytra baxış sayı 840 mindir. Sayt daha çox Rusiya, ABŞ, Avropa Birliyi,  Türkiyə, Ukrayna, Almaniya, Böyük Britaniya, İrlandiya, İspaniya, Çin, Gürcüstan, İran, Belarus və s. ölkələrdə oxucular tərəfindən izlənilir. 2019-cu ildə yaradılmış İnstitutun YouTube kanalında 130 video-material yerləşdirilmişdir. Bu videolar İqtisadiyyat İnstitutunun alimlərinin ölkəmizin tanınmış və aparıcı televiziya kanallarına müsahibələrini, verilişlərdə ekspert qismində iştiraklarını əhatə edir.  Habelə il ərzində İnstitutunun fəaliyyəti ilə bağlı ölkə KİV-lərində yüzdən artıq müxtəlif məlumatlar verilib.

 İclasda Elmi Şuranın üzvləri – AMEA-nın müxbir üzvü, prof. Qorxmaz İmanov, professorlar – Nazim Müzəffərli, Tofiq Hüseynov, Tərbiz Əliyev, dosent Emin Məmmədzadə, Tanrıverdi Paşa və digərləri çıxış ediblər. Səsvermə yolu ilə təqdim olunan illik hesabat və İnstitutuin 2022-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Sonda prof. Nazim Müzəffərli çıxış edərək illik hesabata, görülən işlərə, qaldırılan məsələlərə öz münasibətini bildirib, Qarabağda yeni iqtisadiyyat quruculuğu ilə bağlı tədqiqatlardan, hökumət və dövlət qurumları ilə sıx əməkdaşlıqdan, birgə layihələrdən, habelə İnstitutun başlıca hədəfləri və qarşıda duran əsas vəzifələrindən danışıb.

Elmi Şurada 2023-cü ildə aparılcaq elmi-tədqiqat işlərinin planı da təsdiq edilib (economics.com.az).