Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

  • Oxunub 348 dəfə

 Yanvarın 18-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda 20 Yanvar faciəsinin 33-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 İnstitutun icraçı direktoru, i.e.d., professor Müşfiq Atakişiyev Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının tariximizə əbədi həkk olunduğunu bildirib: “20 Yanvar hadisələri faciə kimi qeyd olunsa da, əslində xalqımızın tarixində ən qürurlu, ən şərəfli gündür. Xalqımız həmin vaxt bir daha dünyaya göstərdi ki, onun müstəqillik və azadlıq mübarizəsinin qarşısını heç bir qüvvə ala bilməz. Bu gün müstəqil Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Biz xoşbəxtik ki, müstəqil dövlətimiz, onu öz qanı, canı ilə əzimlə qorumağa həmişə hazır olan fədakar, vətənpərvər gənclərimiz var ”.

 Digər çıxış edənlər – Həmkarlar Komitəsinin sədri Tanrıverdi Paşa, iqtisad elmləri doktrou Rəsmiyyə Abdullayeva, dosent Allahyar Muradov, dos. Emin Məmmədzadə, dos. Cəlil Quliyev  və başqaları 20 Yanvar hadisələri zamanı şahidi olduqları hadisələrdən, o dövrdə xalqımızın qəhrəmanlığından, şücaətindən, xalqın milli azadlıq hərakatından danışıblar, dövlət müstəqilliyimizin əldə olunmasını, qorunmasını və möhkəmləndirilməsini böyük tarixi nailiyyətimiz kimi qeyd ediblər.

 Habelə o dövrün ictimai-siyasi proseslərinə diqqət çəkərək faciənin baş verməsi səbəblərindən, xalqımızın həmin ağır günlərdə biliyindən, insanların azadlıq mübarizəsindən, fədakarlığından söz açıblar. 20 Yanvar şəhidlərinin həmişə hörmətlə yad ediləcəklərini, 44 günlük Vətən Müharibəsi ilə Qarabağın işğaldan azad edilməsilə müstəqil Azərbaycanın ərazi bötövlüyünün təmin edilməsinə görə bütün şəhidlərimizin ruhlarının şad olduğunu vurğulayıblar (economics.com.az).