Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Türk malı alaq, Türkiyəyə dəstək olaq..."

  • Oxunub 238 dəfə

 Türkiyədəki zəlzələ Azərbaycan və Türkiyənin iqtisadi münasibətlərində nə kimi dəyişikliklərə səbəb ola bilər?

Bu mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov Visiontv.az saytına açıqlama verib: "Türkiyədəki zəlzələ Azərbaycan və Türkiyənin iqtisadi münasibətlərində hər hansı mənfi təsirlərə səbəb olmayacaq. Əksinə iki qardaş ölkə arasında münasibətlər daha da yaxınlaşacaq və inkişaf edəcək. İki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illərdə olduğu kimi, bundan sonra da artan xətt üzrə davam edəcək. Neft-qaz Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların siyahısında birinci yerdədir. Azərbaycandan Türkiyəyə pambıq, pambıq ipliyi, alüminium və alüminium məmulatları, mis və mis məmulatları ilə yanaşı, gübrələr, dəmir və polad məmulatlarının ixracı da getdikcə artır. Türkiyənin Azərbaycana ixracatında məişət elektrik əşyaları, mebel, tekstil, əczaçılıq məhsulları, müxtəlif maşın və texnikalar üstünlük təşkil edir.

Türkiyə bizim əsas ticarət tərəfdaşlarımızdan biridir. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb. Növbəti illərdə bu artım meyilləri davam edəcək. Hətta iki olkə yaxın illər ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd dollara çatdırmaq niyyətindədir.

Zəlzələ qardaş ölkənin iqtisadiyyatına böyük ziyan vursa da, yaxın bir neçə il ərzində hər şey bərpa olunacaq,  həyat davam edəcək. Türkiyənin buna imkanı və yetərincə iqtisadi potensialı var. Əgər biz qardaş ölkənin iqtisadiyyatına dəstək olmaq istəyiriksə, yaxşı olar ki, alış-verişdə Türkiyə istehsalı olan mallara üstünlük verək. Yəni onların yerli məhsul istehsalına və ixracına bu yolla dəstək ola bilərik.  Türkiyə mallarının qiymətləri Çin, Rusiya, İran məhsullarına nisbətən baha olsa da, hər halda daha keyfiyyətlidir. Belə şüar indi yerinə düşər: türk malı alaq, Türkiyəyə dəstək olaq."

Bünyamin Bünyadzadə 

Visiontv.az  14.02.2023