İqtisadiyyat İnstitutunda Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib
- Oxunub 269 dəfə
Fevralın 24-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə institutun əməkdaşları iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə İqtisadiyyat İnstitutunun icraçı direktoru, i.e.d., professor Müşfiq Atakişiyev açaraq Xocalı soyqırımının tariximizdə ən dəhşətli faciə olduğunu, dinc və silahsız insanların məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetirildiyini bildirib. Qeyd olunub ki, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Bunları nəzərə alaraq biz tarixən başımıza gətirilən belə faciələrin səbəblərini araşdırmalı və nəticə çxaırmalıyıq, habelə gələcək nəsillərə də ötürməliyik ki, unudulmasın.
Sonra çıxış edənlər - şöbə müdiri, professor Tofiq Hüseynov, Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa, iqtisad elmləri doktoru Sevda Mikayılova, dosent Emin Məmmədzadə və digərləri tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, zaman-zaman torpaqlarımızı işğal etmələrindən danışaraq Xocalı faciəsini bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri kimi qiymətləndiriblər. Qeyd olunub ki, xalqımız baş verənləri heç vaxt unutmamalı, ondan nəticə çıxarmalıdır. Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, işğal altındakı torpaqlarımız azad olunub. Biz buna Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində nail olduq. Hazırda Qarabağda bərpa və yenidənqurma işləri gedir, tezliklə məskunlaşma da daha böyük vüsət alacaq (economics.com.az).