Professor Nazim Müzəffərli Bakı Biznes Universitetində keçirilən beynəlxalq konfransda çıxış edib
- Oxunub 318 dəfə
11 aprel 2023-cü il tarixində Bakı Biznes Universitetində (BBU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının möhtəşəm 100 illik yubileyinə həsr olunmuş “Ali təhsildə dayanıqlı inkişaf məqsədləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Konfransın məqsədi BMT tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinin ali təhsil müəssisələrinin fəaliyyətlərinə inteqrasiyası və bu istiqamətdə Avropa təcrübəsinin öyrənilməsindən ibarətdir. Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Yasamal rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin üzvləri, respublikamızın tanınmış iqtisadçı alimləri, Azərbaycan ali təhsil müəssisələrinin rektorları və prorektorları, o cümlədən Avropanın 5 ölkəsinin – İsveç, Portuqaliya, İspaniya, Estoniya və Polşanın aparıcı universitetlərinin məsul şəxsləri iştirak ediblər.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli təhsildə dayanıqlılıq və bu məsələyə beynəlxalq təcrübədə yanaşmalar, ali təhsildə başlıca dayanıqlı inkişaf məqsədləri və əsas hədəflərimizin müəyyənləşdirilməsi, bütövlükdə təhsil sistemimizin dayanıqlılığı və ona nail olmaq yolları, ölkə təhsilinin müasir vəziyyəti və həyata keçirilən islahatlar barədə danışıb. Qeyd edib ki, təhslin başlıca vəzifəsi bilik və bacarıqları öyrətməklə yanaşı vətənpərvər Vətandaş yetişdirməkdir. Məhz təhsil sistemimizin yetişdirdiyi vətənpərvər gənclər 44 günlük Vətən Müharibəsində, Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ torpaqlarını işğaldan azad etdilər.
Vətən Müharibəsində gənclərimizin qəhrəmanlıqlarından, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan möhtəşəm bərpa-quruculuq işlərindən, habelə təhsilin problemlərindən də danışan N.Müzəffərli böyük təcrübəyə və potensiala malik Azərbaycan təhsilinin gələcək inkişaf perspektivləri ilə bağlı nikbin olduğunu vurğulayıb.
Tədbirdə BBU-nun rektoru, professor İbad Abbasov, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, akademik Ziyad Səmədzadə, İsveçin Kral Texnologiya İnstitutunun proqram koordinatoru Viktor Kordaş, Portuqaliyanın Lissabon Universitetindən Ana Agante Lukas, Kataloniya Politexnik Universitetindən Antonio Florensio Kalderon, Estoniyanın Tallin Texnologiya Universitetindən Artyom Boyarçuk, Polşanın WSG İqtisadiyyat Universitetindən Marek Bogusz çıxış ediblər, mövzu üzrə praktiki təcrübələrini bölüşdülər, geniş müzakirələr aparılıb.