Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin magistrantlarına təcrübə-təlimi keçirilir

  • Oxunub 311 dəfə

 Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin magistrantlarına təcrübə-təlimi keçirilir. 1 ay müddətində – aprelin 10-dan mayın 10-na kimi İqtisadiyyat İnstitutunun alimləri  tərəfindən keçirilən təlimlərdə BBU-nun II kursda təhsil alan 10 magistrantı iştirak edir. Kurslarının keçirilməsi üçün İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün i.f.d, dosent Tariyel Qurbanov  magistrantlara elmi tədqiqat təcrübəsinin rəhbəri  təyin edilib.

 Müqaviləyə əsasən ödənişli olan təlim kursları üçün BBU  İqtisadiyyat İnstitutuna vəsait ödəyib. Bu, özəl universitetlə elmi İnstitut arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda maraqlı və diqqət çəkən təcrübədir. Onlar üçün elmi tədqiqat xarakterli təlimlər, praktiki məşğələlər təşkil olunub. Universitetin magistrantları İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanıblar. Son illər beynəlxalq reytinqlər üzrə araşdırmalar aparan, kitablar nəşr edən, müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir

 Mayın 3-də növbəti belə təlim keçirilib. İqtisadiyyat İnstitutunun Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Mahir Zeynalov ölkəmizdə biznes mühiti və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi mövzusunda təqdimatla çıxış edib, magistrlərlə diskussiya şəraitində geniş müzakirələr aparılıb (economics.com.az).