İqtisadiyyat İnstitutunun əməkdaşı SDU-da Heydər Əliyevə həsr olunmuş elmi seminarda çıxış edib
- Oxunub 290 dəfə
Mayın 24-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf modeli” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri, o cümlədən Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Elmi seminarı giriş sözü ilə fakültənin dekanı dosent Aynurə Yəhyayeva açıb. İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova “Heydər Əliyev müstəqil Azərbaycanın bazar iqtisadiyyatı modelinin yaradıcısıdır” mövzusunda məruzə ilə çıxış edib. Bakı Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının dosenti Habil Aslanov “Heydər Əliyev Azərbaycanın müstəqil milli iqtisadiyyatının memarıdır”, UFA Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının müdiri Olqa Mamelatalaşvili “Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin xüsusiyyətləri və inkişafı perspektivləri”, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin aparıcı elmi işçisi Mətanət Abdalova “Heydər Əliyevin keçid dövrü siyasətinin mahiyyəti və xüsusiyyətləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin Tətbiqi iqtisadiyyat kafedrasının dosenti Elmira Qocayeva “Azərbaycanın davamlı inkişafı kontekstində sosial-iqtisadi inkişafın milli prioritetləri” mövzularında geniş çıxış ediblər.
Sonda Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyevin və İqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyevin Ulu Öndərlə bağlı fikirləri dinlənilib və seminar “Heydər Əliyevin iqtisadi siyasətinin mahiyyəti və xüsusiyyətləri”, “Azərbaycanın inkişafının müasir vəziyyəti Heydər Əliyevin iqtisadi siyasətinin nəticəsidir”, “Azərbaycan Respublikasının inkişafı Heydər Əliyevin iqtisadi siyasəti kontekstində” mövzularının müzakirəsi ilə yekunlaşıb.