Elmi seminarda “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” müzakirə olunub
- Oxunub 497 dəfə
Sentyabrın 25-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda hibrid formada elmi seminar keçirilib. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə onlayn formada bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda İnstitutun İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin müdiri, dosent Allahyar Muradov “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” mövzusunda aparılmış tədqiqatla bağlı təqdimatla çıxış edib. Bildirib ki, prof. Nazim Müzəffərlinin rəhbərliyi ilə İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşının iştirakı ilə yerinə yetirilmiş bu tədqiqat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə həyata keçirilib.
Tədqiqatın məqsədi ölkənin inzibati və iqtisadi rayonlarının maliyyə özünəyetərliyi səviyyəsini qiymətləndirmək və bu əsasda reytinqini tərtib etməkdir. Bunun üçün müəlliflərin təklif etdiyi 3 fərqli metodologiya əsasında bölgələrimiz üçün “Özünümaliyyələşdirmə səviyyəsi indeksi” hesablanıb. Qiymətləndirmə zamanı regionların inkişaf dinamikası, sosial-iqtisadi göstəriciləri, əvvəlki dövrlərdə qəbul olunmuş qərarların regional inkişafa təsirləri kimi məsələlər də araşdırılıb. Təqqiqatın nəticələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunub.
Təqdimat zamanı araşdırmanın metodologiyası və nəticələri haqqında geniş məlumat verilib. Sonra tədqiqatla bağlı müzakirə aparılıb, müəlliflər bölgələrimizdə özünümaliyyələşdirmə səviyyəsinin yüksəldilməsi ilə bağlı sualları cavablandırıblar. Çıxış edənlər – professorlar Fuad Qənbərov, Tofiq Hüseynov, Müşfiq Atakişiyev, dos. Azər Səfərov və digərləri tədqiqatın elmi və praktiki əhəmiyyətini qeyd etməklə yanaşı, təklif və tövsiyələrini də səsləndiriblər (economics.com.az).